Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub.
Trend-in məlumatına görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.
M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.
Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir:
“Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində - 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər”.