Bakı. Elçin Mehdiyev - Trend:
Aprelin 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilib. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olub.
Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının qərəzli və daxili təzadlarla dolu ilkin rəyinə münasibət bildirərkən deyib.
Ə.Əhmədovun sözlərinə görə, YAP-ın namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır:
“Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil edib, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib. Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının icra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olub. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur”.
Ə.Əhmədov qeyd edib ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır.