...

Qaradağda ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Siyasət Materials 18 Aprel 2018 10:38 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib.
Qaradağda ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib

Bakı. Trend:

Qaradağ rayon icra hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 09 aprel 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Trend-in məlumatına görə, yığıncağın işində Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Hesabat məruzəsi ilə çıxış edən Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayıb.

İcra hakimiyyəti başçısı qeyd edib ki, ümummilli liderin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, və əldə olunmuş yüksək nailiyyətlər göz önündədir və xalq Prezidentin apardığı işlərə yüksək qiymət verdiyini Prezident seçkilərində öz seçimləri ilə bir daha sübut etdilər. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir və Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamağa səs veriblər.

Məruzə nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov daha sonra bildirib ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb, ölkəyə xarici investisiyaların gətirilməsi istiqamətində mühüm addımlar atılıb.

2018-ci ilin birinci rübünün yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə ətrafında Qaradağ Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Tahir Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr, “Azkomfort” MMC-nin direktor müavini Natiq Babayev tikinti sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair çıxış edərək rayon icra hakimiyyətinin 2018-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.

İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan danışıb.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilib və yekdilliklə qəbul edilib.

Daha sonra Prezidentin “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 06 mart 2018-ci il tarixli, sərəncamına əsasən ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilmiş Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev mərkəzinin direktoru Hicran Aydın qızı Xəlilovaya “Tərəqqi” medalı təqdim edilib.

Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirib və rayon ictimaiyyətinə ölkə başçısı İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti