...

Tahir Rzayev: Gəncə hadisələrində əli olanlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər

Siyasət Materials 17 İyul 2018 11:42 (UTC +04:00)
Gəncədə baş verən hadisələr Azərbaycan xalqına qarşı qəsd cəhdləridir.
Tahir Rzayev: Gəncə hadisələrində əli olanlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər

Bakı. Samir Əli - Trend:

Gəncədə baş verən hadisələr Azərbaycan xalqına qarşı qəsd cəhdləridir. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu hadisələrə heç bir halda haqq qazandırmaq olmaz: "Hansısa qüvvələr tərəfindən təxribata cəlb olunan bu şəxslərin hərəkəti hamı tərəfindən pislənilir. Çünki həmin şəxslər bu əməlləri ilə ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd ediblər. İnsanları sabitliyi pozmağa, iğtişaşa, qanunsuz toplantıya səsləmək konkret cinayətdir. Bu hərəkətlər Azərbaycan qanunlarına ziddir. Azərbaycanın kifayət qədər təkmilləşmiş qanunları var və ölkədə baş verən bütün tədbirlər həmin qanunlara uyğun olmalıdır".

Millət vəkili qeyd edib ki, hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdırmalı və hadisəni törədən və təşkil edənlər qanun qarşısında cavab verməlidir: "Azərbaycan ən sabit ölkələr sırasındadır. Amma bəzi qüvvələr buna paxıllıq edir və Azərbaycanda bir qrup şəxsin əli ilə ictimai sabitliyi pozmağa cəhd edirlər".

Onun sözlərinə görə, iyulun 13-də Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bəyan etdiyi kimi, cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti