...

Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir

Siyasət Materials 17 Oktyabr 2018 09:45 (UTC +04:00)
Oktyabrın 17-dən 21-dək Türkiyənin Antalya şəhərində Beynəlxalq Orqan Nəqli Şəbəkəsinin birinci qurultayı keçiriləcək.
Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. Elçin Mehdiyev - Trend:

Oktyabrın 17-dən 21-dək Türkiyənin Antalya şəhərində Beynəlxalq Orqan Nəqli Şəbəkəsinin birinci qurultayı keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev iştirak edəcək.

Türkiyə Orqan Nəqli Vəqfinin Türkiyənin Səhiyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunmuş qurultayda orqan nəqli sahəsində son elmi yeniliklər müzakirə olunacaq, peşəkar inkişaf üçün bu sahədə təcrübə mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrinin tibb mütəxəssisləri ilə görüşlər də nəzərdə tutulub.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, parlamentin Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev isə qurumun Hüquq və siyasi məsələlər üzrə komitəsinin 52-ci iclasında iştirak etmək üçün oktyabrın 16-dan 19-dək Yunanıstanda səfərdə olacaq.

Kavala şəhərində keçiriləcək toplantıda cari məsələlərlə yanaşı, quruma üzv ölkələrdə iqtisadi imkanların genişləndirilməsi barədə müzakirələr aparılacaq, bununla əlaqədar nümayəndə heyətlərinin təklifləri dinləniləcək.

Bundan əlavə, oktyabrın 18-19-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Nəzarət-Büdcə komissiyasının iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edəcək.

İclasda MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi, Təşkilata üzvlük haqlarının formalaşdırılması və istifadəsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq. Səfər oktyabrın 20-də başa çatacaq.

Həmçinin Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Əhliman Əmiraslanov, Siyavuş Novruzov, deputatlardan Ağalar Vəliyev və Hüseynbala Mirələmov oktyabrın 16-dan 25-dək Çin Xalq Respublikasında səfərdə olacaqlar.

Səfərin məqsədi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməkdir. Deputatlarımız dost ölkədə bir sıra görüşlər keçirəcək, tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti