...

Millət vəkili: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb

Siyasət Materials 17 Oktyabr 2018 17:25 (UTC +04:00)
Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb.
Millət vəkili: Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb

Bakı. Samir Əli - Trend:

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, bu il Dünya İqtisadi Forumu ölkələrin gələcəkdə rəqabətə hazırlığını müəyyən edən, yeni üsullarla hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını (2018) dərc edib: "Dünya İqtisadi Forumuna görə qloballaşma prosesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun 4-cü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur. Hazırkı dövrdə dünyanın əksər iqtisadiyyatları üçün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. Ekspertlərin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır. Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb. Dünyanın əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. Hesabatda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib. Azərbaycan bu kateqoriya üzrə 55.8 bal toplayaraq dünya orta göstəricisini ötüb".

Onun fikrincə, Dünya İqtisadi Forumu hesab edir ki, dünyada innovativ dəyişiklikləri anlayan və anlamayan ölkələr arasında qlobal uçurum dərinləşməkdədir: "Öz iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmaq istəyən ölkələr ilk növbədə iqtisadiyyatın daxili və xarici şok amillərinə dayanıqlılığını təmin etməli, iqtisadi proseslərin bütün iştirakçılarının bütün sahələrdə innovasiyaların tətbiqindən gəlir əldə edə biləcəkləri innovativ ekosistem yaratmalıdırlar".

Millət vəkili vurğulayıb ki, builki hesabatda Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırıb:

"Əsasən də korrupsiya insidentlerinin sayının azlığı, içməli su təminatının əhatəsi, internet istifadəçilərinin sayı, insan ömrünün uzunluğu, işçilərin əmək hüququ, sahibkarlara daxili kreditlərin verilməsi, biznesə başlama xərclərinin az olması, elmi nəşrlərin çoxluğu, patent müraciətlərinin artması, elmi tədqiqat xərclərinin artması və s. kimi göstəricilər üzrə ölkəmizin reytinqdə göstəriciləri yaxşılaşıb. Ümumilikdə, bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olub. Belə ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə - 22-ci yerdə, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünün azlığına görə - 12-ci yerdə, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə - 20-ci yerdə, ayrı-ayrı maraqların toqquşmasının tənzimlənməsinə görə - 16-cı yerdə, dəmir yolu xidmətlərinin səviyyəsinə görə - 17 ci yerdə, əhalinin elektrik enerjisi ilə təchizatı səviyyəsinə görə 1-ci yerdə, dəniz limanlarının xidmət səviyyəsinə görə - 29-cu yerdə, internet istifadəçilərinin sayına görə - 36-cı yerdə, əhali arasında rəqəmsal vərdişlərə görə - 15-ci yerdə, öyrətmə yanaşmalarına görə - 27-ci yerdə, vergilərin və subsidiyaların rəqabətə təsirinin effektivliyinə görə - 20-ci yerdə, biznesə başlama xərclərinin azlığına gorə - 17-ci yerdə, sahibkarlıq riskinin azlığına görə - 21-ci yerdə qərarlaşıb".

T.Mirkişili əlavə edib ki, ölkədə aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və Azərbaycanın iqtisadiyyatının dayanlıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti