Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Qədim və zəngin mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Bu məsələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdam rayonunda yaradılan Muğam Mərkəzi də böyük rol oynayır. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib.

Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb.

Layihəni icra etmiş “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Ağalar Vəliyev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, Ağdam Muğam Mərkəzinin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Muğam Mərkəzinin ərazisi 7782 kvadratmetr, tikintialtı sahəsi isə 1800 kvadratmetrdir. İkimərtəbəli bina yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.

Qeyd edildi ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək.

Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.

Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı:

- Əziz dostlar, bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Ağdam sakinlərini ürəkdən təbrik edirəm.

Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.

Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.

Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır.

Mən qeyd etdim ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin. İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.

Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq Sərəncam veriləcəkdir.

Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir.

Biz hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik.

Yəni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var. Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki, əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq.

Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı gözlənilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb. Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.

Mən sizi bir daha salamlayıram və bu mərkəzin açılışı münasibətilə təbrik edirəm.

Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsinə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən Xalq artisti Arif Babayev dedi:

- Cənab Prezident, icazənizlə, mən də bir neçə kəlmə söyləmək istərdim. Xalqımızın sevimli oğlu Prezidentimiz, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım, Sizin Ağdama gəlişiniz toy-bayramdır. Belə bir möhtəşəm binanın tikilməsi və istifadəyə verilməsi tarixi bir işdir. İndi belə gözəl binalara, saraylara bütün rayonlarımızda rast gəlmək olar. Mənim xeyli yaşım var, biz heç vaxt indiki qədər inkişaf görməmişdik. Biz əvvəllər qastrol səfərlərində olarkən otellərdə yata bilmirdik. Allaha şükür, indi haraya gedirsən gözəl otellər, idman meydançaları, istirahət zonaları var. Sizin bu işləriniz tarixə yazılır.

Hörmətli Mehriban xanım haqqında da bir neçə kəlmə demək istəyirəm. Çünki mənim bu fikirlərim birbaşa bizim muğamımıza bağlıdır. Bizim muğamımızı, milli musiqimizi dünya səviyyəsinə məhz Mehriban xanım yüksəldib. Bu, əvəzolunmaz bir işdir. Muğam müsabiqələrinin keçirilməsi gənclərimizin öz sənətlərini dünya miqyasında göstərməsinə imkan verir. Bizim muğamımız var idi, amma bu dərəcədə, bu yüksəklikdə, bu hörmətdə deyildi. Ona görə biz Mehriban xanıma “Çox sağ olun!” deyirik.

Hörmətli Prezident, Sizin hər gəlişiniz bayramdır, hər gəlişiniz bir tarixdir. Özünüzlə bir tarix gətirirsiniz, çünki bu işlərin göstərişini Siz vermisiniz. İndi hər yerə gözəl asfalt yollarla gedirik. Vaxtilə belə şeylər mümkün deyildi. Allah Sizə cansağlığı versin. Biz sənət adamlarına, muğamımıza olan diqqət və qayğısına görə Mehriban xanıma ürəkdən minnətdarıq.

Cənab Prezident, Siz muğamla bağlı çox böyük işlər görmüsünüz və görürsünüz. Xalqımızın mədəni sərvətlərini dünyaya tanıtmaq çox böyük işdir, böyük bir tarixdir. Bizim 10 milyonluq xalqımız var. Bu balaca Azərbaycanı dünya səviyyəsində ən görkəmli, ən gözəl yerlərdən birinə qaldırmısınız. Cənab Prezident, Mehriban xanım, Allah Sizi qorusun. Səmimi sözlərimdir, hərdən düşünürəm ki, bizim əziz Prezident, hörmətli Mehriban xanım sanki dincəlmirlər, hər gün bir rayonda, bir ölkədə səfərdədirlər. Allah Sizə cansağlığı versin. Biz də etimadınızı doğrultmağa çalışacağıq. Var olun, sağ olun.

Xalq artisti Mənsum İbrahimov dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım. Biz Sizi Qarabağın bu gözəl guşəsində salamlayırıq, xoş gəlmisiniz. Dövlətimizin muğamımıza diqqət və qayğısını hər zaman hiss etmişik. Əlbəttə, bu ənənənin təməlini bizim ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Bu ənənə bu gün çox layiqincə davam etdirilir. Heydər Əliyev Fondu yaranan gündən bizim muğamımızın yeni inkişaf dövrü başlayıb. Keçirilən muğam televiziya müsabiqələri, beynəlxalq muğam müsabiqələri nəticəsində bizim onlarla gənc muğam ifaçısı sənətimizə gəlib. Artıq onların fəxri adları var. Onlar artıq fəaliyyət göstərirlər. Heç bir dövrdə bizim sənətimizə bu qədər gənc ifaçı gəlməyib. Bu, çox böyük bir rəqəmdir. Biz hər dəfə müsabiqədən əvvəl hörmətli Mehriban xanımın tapşırığı ilə bölgələrə gedib seçim turları keçiririk. Hörmətli Mehriban xanımın Birinci vitse-prezident kimi ilk uğurlu rəsmi səfəri bu yaxınlarda İtaliyaya oldu. O səfər çərçivəsində biz, şəxsən mən Qarabağ muğam üçlüyü olaraq Prezidentin sarayında konsert verdik. Həmin konsert “RAİ” teleradiosu ilə bütün Avropaya yayımlandı. Hətta aparıcı sonda söylədi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağ muğamın məskənidir. Eyni zamanda, cənab Prezident, Sizin apardığınız uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın aparıcı dövlətləri arasında öz layiqli yerini tutmaqdadır.

Bu, Qarabağımızda sayca üçüncü muğam mərkəzidir və ən möhtəşəmidir. Bu, bizim bölgəmizə olan böyük diqqət və qayğının təzahürüdür. Bu, bizim muğamımızın intibah dövrünü yaşamasına bariz nümunədir. Allah Sizi qorusun. Mən bütün muğam ifaçıları adından təşəkkür edirəm. İnşallah, bu mərkəzdə gözəl tədbirlər, gözəl yubileylər, gözəl konsertlər və müsabiqələr keçirəcəyik. Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.

Xalq artisti Aygün Bayramova dedi:

- Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, Sizi bu möhtəşəm Muğam Mərkəzinin açılışında görməkdən hamımız çox şadıq. Bu, təbii ki, bizim hamımızı sevindirir. Muğam bizim milli sərvətimizdir, mənəvi dəyərimizdir. Biz muğamı yaşatmalıyıq, qorumalıyıq, inkişaf etdirməliyik.

Təbii ki, cənab Prezidentin, Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Çox böyük işlər görürsünüz, cənab Prezident. Sizə dərin təşəkkürümü bildirirəm. Mən Mehriban xanım haqqında əlbəttə ki, muğam ifaçılarının adından xüsusi ürək sözlərimi demək istəyirəm. Mehriban xanım bizə çox doğma, əziz bir insandır. Çünki muğamımıza, ümumiyyətlə, incəsənətə xidmət edən insanları həmişə dəyərləndirirsiniz, həmişə diqqətiniz bizim üzərimizdə olur. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən “Muğam dünyası”, “Qarabağ xanəndələri” layihələri bizim əməyimizə verilən çox böyük qiymətdir. Biz Mehriban xanımın təşəbbüsü ilə dəfələrlə tədbirlər keçirmişik, konsert proqramlarında bir araya gəlmişik. Biz çalışırıq ki, muğamımızı həm də xarici dövlətlərdə gözəl təbliğ edək. Biz hər zaman çalışırıq ki, musiqimizi, muğamımızı xarici vətəndaşlara öz çıxışlarımızla, öz ifalarımızla yüksək səviyyədə çatdıraq. Mənim arzum odur ki, İnşallah, Sizin rəhbərliyinizlə torpaqlarımız işğaldan azad olunsun və belə bir gözəl, möhtəşəm muğam mərkəzi Şuşada istifadəyə verilsin, biz də Sizin ətrafınızda bərabər olaq. Mən vaxtınızı çox almaq istəmirəm. Allah Sizləri qorusun. Allah xalqımızı qorusun. Bütün işlərinizdə Sizə uğurlar və nailiyyətlər arzu edirəm.

Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək dedi:

- Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar. Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Xalq artisti tarzən Ramiz Quliyev dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.

Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Bu dərəcədə gözəl bir şərait, işıqlı bir saray, Ağdam Muğam Mərkəzi – bu, bizim həyatımızda ən əlamətdar bir gündür. Onu bizə Siz bəxş etmisiniz. Zaman-zaman böyük çətinliklərin içərisində olmuşuq. Elə vaxtlar olub ki, işğal altındakı bəzi rayonlarımızın əhalisi vaqonlarda yaşayıblar. Bu gün isə işıqlı, gözəl evlərdə, gözəl şəraitdə yaşayırlar.

Biz bu gün muğam haqqında söz deyəndə, - ruhu şad olsun, - Ulu Öndərin qoyduğu irsin gözəl nəticəsini görürük. Xalqımızın böyük övladları olaraq Sizin və Mehriban xanımın əldə etdiyi nailiyyətlərin tayı-bərabəri yoxdur. Təxminən 50 il bundan əvvəl haradasa muğam deyəndə müxtəlif ölkələrin adları çəkilirdi, amma Azərbaycanın adı çəkilmirdi. Uzun müddət muğam yaddan çıxmışdı. Çox hörmətli, hamımızın əzizi Mehriban xanım elə bir iş gördü, elə bir nəticə əldə etdi ki, bu gün dünyanın hər yerindən Azərbaycana gəlib bizim muğamlarımızı dinləyir və sevirlər. Dahi Heydər Əliyevin adını daşıyan Fond tayı-bərabəri olmayan işlər görür.

Çox hörmətli Mehriban xanım, 40-50 il bundan əvvəl Arif müəllimlə, sənət dostlarımızla 3 ildən, 5 ildən bir hər hansı ölkəyə gedəndə sevinirdik ki, şükür Allaha, biz də xaricə getdik. Amma indi sənət adamlarımızın sorağı hər gün bir ölkədən gəlir. Bütün bunlar Sizin diqqət və qayğınızın nəticəsidir, cənab Prezident. Sizə və hörmətli Mehriban xanıma “Sağ olun!”, “Var olun!” deyirik. Bizə yaratdığınız şəraitə görə Sizə ürəkdən minnətdarıq.

Aprel döyüşlərindəki qələbədən danışdınız. Bu qələbədən sonra Ağdamda yaratdığınız bu möhtəşəm sarayı, İnşallah, Şuşada da, Ağdamın mərkəzində də görəcəyik. Biz muğam ifaçılarına yüksək səviyyədə diqqət göstərirsiniz. Vətəni sevən, onu qoruyan insanlar, sənətkarlar hamısı yüksək səviyyədə diqqətə layiqdirlər. Sizin qayğınız sayəsində sənətkarların hamısının şəraiti gözəldir. Evlərimiz, şəraitimiz, orden və medallarımız, dostlarımız var, çörəyimiz boldur, xarici ölkələrdən çoxlu qonaqlarımız gəlir. Bu da ölkəmizdə turizmin inkişafı ilə bağlıdır. Bizim qonağımız olan xarici həmkarlarımız Azərbaycanın gözəlliyindən ürəkdolusu danışırlar.

Möhtərəm cənab Prezident, ürəyimiz sevinclə doludur. Əminəm ki, Sizin yüksək səviyyəli, cəsarətli, düşünülmüş, uğurlu siyasətiniz nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq.

Hörmətli Mehriban xanım, bir vaxtlar muğam sənətimiz, tar ifaçılığı, sazımız, kamançamız diqqətdən kənarda qalmışdı, başqa ölkələr bunlara sahib durmaq istəyirdi. Amma Mehriban xanım bunlara yiyəlik etdi, qeyri-maddi mədəni irs siyahısına daxil etdi. Bu gün dünyada elə bir ölkə yoxdur ki, oradan tarımızın səsi gəlməsin, simfonik orkestrlə, böyük xalq orkestrləri ilə, pianolarla, kamera orkestrləri ilə. Muğam ən böyük sərvətimizdir. Muğamı yaradan xalq yaşamalıdır və Siz başda olmaqla xalqımız yaşayacaq.

Cənab Prezident, mənim böyük bir arzum var, Allah bizə Sizinlə bir yerdə qismət eləsin ki, bizim muğamımız işğaldan azad olunmuş torpaqlarımızda səslənsin. Biz o möhtəşəm sevinci görəcəyik. Mehriban xanımın təşkilatçılığı ilə onların hamısını görəcəyik. Mən arzu edirəm ki, əziz, möhtərəm Prezidentimiz, Mehriban xanım, Allah Sizə muğam qədər ömür versin. Allah Sizi qorusun. Var olun.

Prezident İlham Əliyev dedi:

Çox sağ olun, xoş sözlərə görə təşəkkür edirəm. Mən bu gözəl hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.

Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
Loading Bars
Xəbər lenti
Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi
Rumıniya və Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir – XİN
Prezident İlham Əliyev Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləyib
Prezident İlham Əliyev Hacıqabul-Muğan avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi tədbirində iştirak edib
AFFA Super Liqanın yaradılmasına münasibət bildirdi
Balaxanı Sənaye Parkının rezidenti beynəlxalq mükafata layiq görülüb (FOTO)
Aptekonline.az-da "Biolane" brendinin seçilmiş məhsullarına möhtəşəm ENDİRİM!
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Birinci sinfə qeydiyyat bu tarixdən başlanılır
Nobel Oil Services Direktorlar Şurasını daha da gücləndirib
Azərbaycan Türkiyədən mebel idxalını artırıb
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib
Türkiyə şirkətləri Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni yolun layihəsini hazırlayır
Kürdəmirin həbsdə olan icra başçısının işi məhkəməyə göndərildi
Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub
İsrailli jurnalistlərin Qarabağ səfəri davam edir (FOTO)
Almaniya koronavirusun tədqiqi üçün 1,6 milyard avro ayıracaq
Cəlilabadda avtoxuliqanlar saxlanılıb
Ağsuda vətəndaşları əlillik düzəltmək adı ilə aldadan şəxs saxlanıldı
Avronest Parlament Assambleyasının komitə iclası keçirilib
Xaçmaz polisi narkotik becərən şəxsi yaxalandı
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudatda ərzaq sovqatı paylanılıb (FOTO)
Azərbaycan nefti bahalaşır
Nazirlik növbəti “fişinq” hücumu barədə xəbərdarlıq edib
"Qarabağ" yatağı ilə bağlı yekun qərar nə vaxt veriləcək? - SOCAR-dan açıqlama
Evdən çıxan daha 7 koronavirus xəstəsi saxlanıldı
Ötən gün 26 yanğından 9 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb
Ermənilər Qərbi Azərbaycanda xalqımıza məxsus bir dənə də abidə saxlamayıb - Tarixçi
Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF
Ustanı cərəyan vuraraq öldürüb
Bərdədə koronavirusa yoluxan həkim küçədə saxlanıldı
“Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb (FOTO)
Aprelin 29-30-da keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanılıb
Aprelin 20-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 530 nəfər yoluxub
ABŞ Dövlət Departamenti koronavirusa görə ziyarət edilməsi tövsiyə olunmayan ölkələrin siyahısını genişləndirəcək
STAR NEZ 600 milyon dollara yaxın dəyəri olan investisiyaları 2022-ci ildə başa çatdıracaq - "SOCAR Türkiyə"
Bu klublar Çempionlar Liqasından kənarlaşdırılmayacaq - Peres
İsrail milyonlarla peyvənd dozasını gətirmək üçün "Pfizer" şirkəti ilə müqavilə imzaladı
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib
Meksika mətbuatında erməni təcavüzünün nəticələri və regionda münaqişə sonrası vəziyyətdən danışılıb
Rusiyada evdə qaz partlaması nəticəsində 8 nəfər yaralanıb
Dünyada ötən sutka koronavirusa 724 mindən çox yoluxma qeydə alınıb - ÜST
Boksçumuz dünya birinciliyində yarımfinala yüksəlib
Türkiyədə son sutkada koronavirusdan 48 947 nəfər sağalıb
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Bütün xəbərlər