...

2019-cu ilin Azərbaycan üçün daha da uğurlu olacağına zəmanət verən NAİLİYYƏTLƏR

Siyasət Materials 1 Yanvar 2019 09:04 (UTC +04:00)
2018-ci il də Azərbaycan üçün uğurlu il oldu, qarşıya qoyulan bir çox məqsədlərə nail olundu.
2019-cu ilin Azərbaycan üçün daha da uğurlu olacağına zəmanət verən NAİLİYYƏTLƏR

Bəxtiyar Hacıyev – Trend:

2018-ci il də Azərbaycan üçün uğurlu il oldu, qarşıya qoyulan bir çox məqsədlərə nail olundu. 2018-ci ildə də Azərbaycanda daxili və xarici siyasətdə bir sıra nailiyyətlər əldə edildi. Ölkə iqtisadiyyatında islahatlar davam etdirildi. Azərbaycanın növbəti peyki "Azerspace-2" orbitə buraxıldı. "Cənub Qaz Dəhlizi"nin açılışı oldu, TANAP boru kəməri istifadəyə verildi.

2018-Cİ İLİN UĞURLARI:

10 yanvar

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi.

Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan etdi.

2018-ci il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçirildi.

5 fevral

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzaladı.

Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırıldı.

8 fevral

Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi.

Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Qərar yekdilliklə qəbul olundu.

29 mart

Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodu açıldı.

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezident Həsən Ruhani müəssisənin açılışını bildirən düyməni basdılar.

11 aprel

Azərbaycanda azad, demokratik, şəffaf prezident seçkiləri keçirildi.

894 beynəlxalq (61 təşkilat, 59 ölkə) və 58 175 yerli müşahidəçinin izlədiyi seçkilərdə Prezident İlham Əliyev 86 faizdən çox səs toplamaqla növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi.

21 aprel

Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edildi.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda qeyd edildi ki, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.

26 aprel

Londonda Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalandı.

27-29 aprel tarixlərində Bakıda növbəti dəfə Formula 1 Azərbaycan Qran Prisi keçirildi.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın mübarizə apardığı yarışda "Mercedes"in pilotu Lyuis Hemilton Formula 1 Azərbaycan Qran Prisinin qalibi oldu.

Finiş xəttini 20 pilotdan 13-ü keçə bildi:

1. Lyuis Hemilton ("Mercedes") 1:43:44.291
2. Kimi Raykonnen ("Ferrari") +2.460s
3. Serxio Peres ("Force India") +4.024s

14 may

Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak etdi.

Bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.

24 nay

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olundu.

29 may

Səngəçal terminalında Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etdi.

12 iyun

Azərbaycanla Belarus arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “POLONEZ”lər ordumuzun silahlanmasına daxil edildi.

“POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.

Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.

Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

26 iyun

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda oldular.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyət iştirak etdi. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu.

Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak etdi.

11 iyul

Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun iştirakı ilə “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi oldu.

Sənədin birinci bəndində qeyd edilir ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırıldı. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Aİ tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir. Paraflanan sənəddə Azərbaycanla Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

12 avqust

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi oldu.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.

15 sentyabr

Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak etdilər.

Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu bu parad bir daha göstərdi ki, son illərdə ordumuz əhəmiyyətli dərəcədə güclənib.

26 sentyabr

Azərbaycanın üçüncü peyki – “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasından orbitə buraxıldı.

Peyk Fransanın “Arianespace” şirkətinə məxsus "Ariane 5" daşıyıcı raketi ilə orbitə buraxıldı və startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrıldı.

“Azerspace-2” peyki ABŞ-ın “Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərir. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

19 oktyabr

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etdilər.

“Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb.

Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

22 oktyabr

İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub və bu il inşaat işlərinə start verilib.

26 noyabr - 1 dekabr tarixlərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən - ənənəvi Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabat qəbul olundu, həmçinin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya YUNSEKO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi. Bundan başqa, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındı.

YUNESKO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin "Çövkən - ənənəvi Qarabağ atüstü oyunu" və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısında yer alır.

Təbii ki, Azərbaycanın 2018-ci ildə qazandığı uğurları bir məqalədə sadalamaqla bitməz. Qeyd etməliyik ki, bBütün bu nailiyyətlərlə yanaşı, 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının xarici işlər nazirləri konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı, XXV Beynəlxalq Xəzər Neft və Qaz-2018 sərgisi, ADEX-2018 III Beynəlxalq Müdafiə Sərgisi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənilən yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqlarının göstəricisidir.

Beləliklə, Azərbaycanın 2018-ci ildə əldə etdiyi nailiyyətlər onu deməyə əsas verir ki, 2019-cu il ölkəmiz üçün daha da uğurlu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti