...

Unudulmayan tarix – mövcud təhdidlər (II HİSSƏ)

Siyasət Materials 24 Yanvar 2019 17:38 (UTC +04:00)
Ölkədə ictimai-siyasi sabitləşmə dövrü başladı və dünya miqyaslı neft layihələrinin icrası prosesinə start verildi. Bu uğurlu inkişaf bu gün də davam etməkdədir.
Unudulmayan tarix – mövcud təhdidlər (II HİSSƏ)

Bakı. Trend:

Trend Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun məqaləsini təqdim edir:

Müstəqil Azərbaycan və dövlət idarəçiliyi

Ölkədə ictimai-siyasi sabitləşmə dövrü başladı və dünya miqyaslı neft layihələrinin icrası prosesinə start verildi. Bu uğurlu inkişaf bu gün də davam etməkdədir. Fəqət tarixin əsas xüsusiyyətlərindən biri də təkrarlanmağa meyil göstərməsindədir. Təcrübə və daxili hissiyyata söykənərək əminliklə demək olar ki, həmin dövrdə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması məqsədilə oynanan çirkin və məkrli oyunların bənzərini bəzi dairələr bu gün yenidən təkrarlamağa çalışır. Heydər Əliyevi uzaqlaşdırmaqla Azərbaycanı gücsüz vəziyyətə gətirənlər eyni ssenari əsasında bu gün Azərbaycan Prezidentinə qarşı şüuraltı təxribat hazırlamaq istəyirlər. Bu qüvvələr yaxşı bilir ki, Azərbaycan dövlətinin inkişaf və tərəqqisinin başlıca qarantı cənab Prezident İlham Əliyevdir. Məhz buna görə də əsas hədəf dövlət rəhbəridir.

Bu gün Azərbaycanın qarşısında duran ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsidir. Bu prosesin yaxınlaşması görünməkdədir. Artıq Ermənistandakı gərginlik dalğası genişlənməkdə və iqtisadi vəziyyət zəifləməkdədir. Azərbaycanda isə beynəlxalq iqtisadi layihələrin reallaşması və idarəetmə sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Belə bir vəziyyətdə zamanın Azərbaycanın xeyrinə işləməsi və beynəlxalq nüfuzunun güclənməsi, eləcə də ictimai-siyasi sabitlik fonunda əhalinin rifah halının yaxşılaşması Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən erməni lobbisini və ölkədə hakimiyyət iddiasında olan siyasi müxalifətin ümidlərini puça çıxarmaqdadır. Ötən əsrin sonlarında erməni lobbisi SSRİ vasitəsilə həyata keçirdiyi siyasəti hazırda Qərb dairələri vasitəsilə icra etməyə çalışır. Burada da erməni lobbisi ilə bəzi Qərb dairələrinin maraqları üst-üstə düşməkdədir. Gəlin etiraf edək ki, Azərbaycan beynəlxalq güc mərkəzlərinin maraqlarının nəinki kəsişdiyi, hətta toqquşduğu coğrafi mövqedə yerləşir. Bu baxımdan ölkəmizə yönəlmiş təzyiq və hücumları əsasən belə izah etmək olar. Birinci əsas məsələ Azərbaycanın müstəqil və cəsarətli siyasəti ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycanın müstəqil siyasəti ona geniş manevr imkanları və proseslərə nəzarət şəraiti yaradır. Ancaq Qərbin bəzi daiərələri, eləcə də ermənipərəst “konyak diplomatiyası”nın nümayəndələri müstəqil siyasət yürüdən Azərbaycan yerinə idarə olunan, onların maraqlarına xidmət edən Azərbaycan istəyirlər. Burada xüsusilə ölkəmizin yeraltı və yerüstü sərvətlərindən daha çox mənfəət əldə etmək niyyəti gizlənir. İkincisi, ölkəmizin ərazisindən qonşu dövlətlərə qarşı istifadə etmək imkanlarının yaradılması ilə əlaqədardır. Belə cəhdlər çox olub, bu gün də var. Bu niyyət isə ancaq zəif Azərbaycan mühitində mümkün ola bilər. Azərbaycan dövləti isə heç vaxt öz ərazisindən qonşularına qarşı təhdid vasitəsi kimi istifadə olunmasına imkan verməyib və verməyəcəkdir. Üçüncüsü isə, Azərbaycanın güclü dünyəvi dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkə olmasıdır. Qərbin bəzi dairələri öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din amilindən alət kimi istifadə edirlər. Azərbaycanın humanist və sülhsevər siyasəti isə onların maraqları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də Azərbaycan bir çox hallarda müxtəlif səpkili təzyiqlərlə üzləşir. Ermənipərəst Qərb dairələrinin təşviqi ilə bəzən Azərbaycanda baş verən hər hansı xırda məsələ şişirdildiyi halda, Ermənistandakı çoxsaylı qanun pozuntularına göz yumulur. Bununla belə, sadalanan niyyətlər ölkəmizin milli təhülkəsizliyi üçün kifayət qədər ciddi təhdidlərdir.

Demokratiya, yoxsa xəyanətkar dağıdıcılıq?!

Vaxtaşırı özünü müxalifət adlandıran qüvvələrin köhnəlmiş şüarlar və əsassız ittihamlarla ortaya çıxması da bu siyasətin təzahürüdür. Təsəvvür gücümüzü işə salıb düşünək ki, hakimiyyət belə satılmış qüvvələrin əlinə keçib. Necə olar Azərbaycanın aqibəti? “Korrupsiyaya son” , “Azadlıq” və “İstefa” şüarı səsləndirən bu insanlar nəinki Azərbaycanı, heç Afrikanın orta əsrlərdə qalmış “qəbilə” dövlətlərini də idarə edə bilməzlər. Buna onların nə bilik və səviyyəsi, nə də kadr potensialı imkan verir.Əslində dedikləri şüarlarda böyük məna var. “Korrupsiyaya son deyən” bu adamlar ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olduqları qısa müddət ərzində ən böyük korrupsiya və talançılıq nümunələri ortaya qoymuşdular. “Azadlıq” deyə-deyə azadlığımızı da az qala əldən vermişdilər. Yaxşı ki, Ulu Öndər Heydər Əliyev var idi. “İstefa” sözündə də haqlıdırlar. Onlar bu satqın, milli maraqlara zidd, ermənipərəst siyasətə son verib istefa verməlidirlər. Özlərini müxalifət adlandıran bu adamlar dərk etməlidirlər ki, Azərbaycan kimi güclü və qüdrətli ölkəni idarə etmək siyasətdə “dağıdıcılıq” təcrübəsindən başqa heç bir ideyası olmayanların başı üçün deyil. Onlar anlamalıdırlar ki, ölkəmiz çox mürəkkəb dövrdən keçir. Dünyada qanlı toqquşmalar, müharibə və münaqişələr hökm sürür. Belə bir vəziyyətdə dövlətçiliyimizi sarsıtmağa yönəlmiş hər bir addım dövlətə xəyanət hökmündədir.

Unudulmayan tarix – mövcud təhdidlər (MƏQALƏ)

Unudulmayan tarix – mövcud təhdidlər (MƏQALƏ)

“Xəyanətkar” şüurlu radikal müxalif qüvvələr etnik və dini faktordan da istifadə etməyə cəhd edirdilər. Bəzən siyasi mənfəət naminə dindar və ateistləri də birgə fəaliyyətə cəlb etməyə çalışırdılar. Dini kimlik-milli kimlik qarşıdurması yaratmağa, məzhəbçilik toxumları səpərək xurafat və radikalizmi alovlandırmağa tolerantlığımızı sarsıtmağa, milli həmrəyliyimizi pozmağa, dünyəvi dövlət prinsiplərini zəiflətməyə çalışanlarla da əməkdaşlığa, birgə fəaliyyətə üstünlük verirdilər. Bu istəklər bu gün də var. Ancaq səmimi inanclı insanlar başa düşürlər ki, dini siyasətə alət etmək olmaz, etmədilər də. Azərbaycandakı əsl inanclıların mütləq əksəriyyəti öz üçrəngli bayrağının və dövlətinin ətrafında sıx birləşdi. Ancaq bununla belə həmin dövrdə də, indi də məqsəd və məram eynidir. Azərbaycan zəifləsin, dövlət çöksün, təki biz qalib gələk. Mirzə Ələkbər Sabirin deyimi ilə “millət necə tarac olur olsun, nə işim var?” prinsipinə söykənərək bu xalqın qəlbində yer tapmaq mümkün deyil. Çünki onların kimliyi, niyyət və məqsədləri xalqımıza kifayət qədər məlumdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu qüvvələr xaricdən idarə olunmaqla yanaşı, dövlətçiliyimizə yönəlmiş bütün təxribatlarda “piyada” funksiyasını yerinə yetirirlər.

Güclü Azərbaycan!

Ölkəmiz istər siyasi, istər müdafiə, istərsə də təhlükəsizlik baxımından etibarlı əllərdədir. Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaş və dünyamiqyaslı layihələrin təşəbbüskarı qismində çıxış edir. Daxildə isə ciddi iqtisadi və idarəetmə islahatları davam edir. Ölkəmizdə “ASAN” Xidmət kimi möhtəşəm bir qurum formalaşıb ki, bu ölkəmizin əsas brendlərindən birinə çevrilib. Milli təhlükəsizliyimiz, hüquq mühafizə və təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində sabitlik və əmin-amanlıq yüksək səviyyədə təmin edilir. Ölkəmizdə dini durum da sabitdir. Ancaq bu bizdə arxayınlıq yaratmamalıdır. Unudulmamalıdır ki, müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik, dini-ideoloji sabitlik prioritet məsələdir. Belə bir həssas dövrdə xarici dairələrin “satqınçılıq” təkliflərinə şirniklənərək milli maraqları qurban verənləri Azərbaycan xalqı və tarix bağışlamayacaq. İnsan orqanizminin immun sistemi zəiflədikdə bədən xəstəliklərə düçar olub müxtəlif mikrobların təsirinə düşür. Bu baxımdan yaxın keçmişimizdə Suriyada və digər Şərq ölkələrində baş verən hadisələrdən nəticə çıxarılmalıdır. Ölkəmizin də zəifləməsi, sarsıdılması və gücdən düşməsi düşmənlərimizə ümid bəxş edə bilər. Məhz bu səbəbdən hər bir vətəndaş dövlətini qorumaq üçün öz üzərinə düşəni etməli, təxribatlara uymamalı, populist vədlərə aldanmamalı, dövlətçiliyə yönəlmiş hərəkətlərin iştirakçısına çevrilməməli, ölkəmizdəki quruculuq işlərinə kölgə salmamalı, dövlətin beynəlxalq nüfuzuna xələl gətirməməli, bir sözlə, Azərbaycanın uğurlu gələcəyinin təmin edilməsində əlindən gələni əsirgəməməlidir.

Məqalənin ilk hissəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti