...

Ekspert: "Opinion Way"in apardığı rəy sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır

Siyasət Materials 12 Aprel 2019 19:05 (UTC +04:00)
Fransanın “Opinion Way” şirkətinin apardığı rəy sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır.
Ekspert: "Opinion Way"in apardığı rəy sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Fransanın “Opinion Way” şirkətinin apardığı rəy sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Opinion Way”in bu ilin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusuna münasibət bildirərkən deyib.

V.Rəhimzadə bildirib ki, inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan və öyrənilməsinin vacibliyi qeyd edilən Azərbaycanın davamlı inkişafı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir: "Prezident kimi fəaliyyətə başladığı ilk gündən ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımında təsdiqləyən cənab İlham Əliyev ölkəmizin ən yüksək zirvələri fəth etməsini şərtləndirən təkmil islahatlar həyata keçirir, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyaraq bu istiqamətdə mühüm addımlar atır. 11 aprel 2018-ci il prezident seçkilərindən ötən bir ildə Azərbaycanın qazandığı uğurlar müstəqillik tariximizə yeni-yeni uğurlu səhifələr yazdı”.

O qeyd edib ki, sorğunun nəticələri Prezident İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi: “Azərbaycanda mövcud sabitlik, xalq-iqtidar birliyi beynəlxalq səviyyədə təqdir olunan mühüm məqamlardandır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı göstərir. Ötən ilin prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycanın bugünkü reallıqlarında öz əksini tapır. Beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınan Azərbaycanda xalq-iqtidar birliyinin sarsılmazlığı beynəlxalq qurumların hesabatlarında, sorğu mərkəzlərinin keçirdikləri sorğuların nəticələrində də öz əksini tapır. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ABŞ-ın nüfuzlu “Gallup International” təşkilatı daim seçkilərdən öncə Azərbaycan əhalisi arasında sorğu keçirir. Dövlətimizin başçısı İlham Əliyevə xalqın dəstəyi, həyata keçirilən siyasətin yüksək qiymətləndirilməsi bu sorğunun nəticələrində də daim öz əksini tapıb”.

Baş redaktor vurğulayıb ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Azərbaycanda keçirilən rəy sorğusunun nəticələrinə görə respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib:

“Sabitliyin, normal biznes mühitinin yaradıldığı ölkəmizdə iqtisadi tərəqqi qaçılmazdır. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə möcüzə kimi dəyərləndirilir. Dünyanın 2008-ci ildən iqtisadi və maliyyə böhranının ağır nəticələrini yaşadığını nəzərə alsaq, Azərbaycanın daim iqtisadi artımı ilə diqqət mərkəzində olması qürurverici hadisədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu uğurlarımıza yol açan əsas amillərdəndir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda güclü sahibkarlar sinfi yaranıb, ən əsası nəinki neft-qaz sektorunda, eyni zamanda, qeyri-neft sektoru sahəsində mövcud durum xarici iş adamlarının diqqətindədir və bu sahəyə investisiya qoyuluşu artmaqdadır. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiyanın qoyulması ölkəmizdə sabitliyin, mövcud iqtisadi durumun, ən əsası Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisidir”.

Ekspert xatırladıb ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə “müsbət” cavablandırıb: “Dövlətimizin başçısının seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib: Təkcə bir ilin uğurlarına söykənərək Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə öz müsbət rəyini ifadə edib. Cənab İlham Əliyev daim çıxışlarında davamlı inkişafı şərtləndirən amillərdən bəhs edərək, idarəetmə sistemində təkmilləşməni vacib amil kimi önə çəkib. Təkcə cari ilin arxada qalan 3 ayında bu istiqamətdə atılan addımlara diqqət yetirsək, təkmilləşmənin, yeniləşmənin hansı uğurlara yol açdığını görərik".

Ümumilikdə sorğunun nəticələrini möhtərəm Prezidentimiz İlham Əliyevin son bir ildə həyata keçirdiyi təkmil islahatların təqdimatı kimi dəyərləndirən V.Rəhimzadə bu fikri böyük əminliklə ifadə edib ki, qarşıdakı illərdə Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir, ən əsası, inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfimiz artıq reallıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti