...

Naqif Həmzəyev: Azərbyacan Ukrayna münasibətləri yüksələn xətlə inkişaf edir

Siyasət Materials 17 Dekabr 2019 16:39 (UTC +04:00)
Ölkəmizin xarici münasibətlərində Avropanın qədim və güclü dövlətlərindən biri olan Ukraynanın özünəməxsus yeri var.
Naqif Həmzəyev: Azərbyacan Ukrayna münasibətləri yüksələn xətlə inkişaf edir

Bakı. Trend:

Ölkəmizin xarici münasibətlərində Avropanın qədim və güclü dövlətlərindən biri olan Ukraynanın özünəməxsus yeri var. Tarixən bu iki dövlət arasında qarşılıqlı əlaqələr olub. Çətin məqamlarda, xoş günlərdə bir-birinə dəstək olan hər iki ölkə bu ənənəni bu gün də böyük əzmlə qoruyub saxlayır. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri də məhz Ukrayna olub. Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ulu öndərin missiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik xarici siyasəti bu əlaqələrin inkişafına impuls verib, strateji müttəfiqlik münasibətlərini durmadan möhkəmləndirib, genişləndirib.

Bunu Trend-ə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizdə səfərini şərh edərkən bildirib.

Millət vəkili qeyd edib ki, qarşılıqlı münasibətlərin səciyyəvi cəhəti ilk növbədə dostluq, sonra isə qarşılıqlı faydalı iqtisadi-ticarət, hərbi-strateji və siyasi əməkdaşlıqdan ibarətdir: "Ukrayna Prezidenti Vladimir Zelenskinin qələbədən bir neçə ay sonra Azərbaycana rəsmi səfəri Ukrayna-Azərbaycan əlaqələrinin yüksələn xətlə davam etməsinə nümunədir. Azərbaycan və Ukrayna arasında ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensial və əlverişli imkanlar mövcuddur. Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanın Ukraynaya enerji ixracının mütləq əksəriyyətini neft və neft məhsulları təşkil edir. Azərbaycanın maye qazının Ukraynaya nəqli məsələsi də hələ 2011-ci ildə öz həllini tapıb. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi birlikdə bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Qarşılıqlı əməkdaşlıqda ən mühüm istiqamətlərdən biri ticarətin artımını iki ölkə arasında əlavə nəqliyyat yolları ilə təmin etməkdən ibarətdir. Bu cəhətdən ən mühüm regional əməkdaşlıq layihələrindən biri Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutudur. Digər tərəfdən, Azərbaycanın bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməsi və onların emalını genişləndirməsi, habelə fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi kimi Azərbaycan məhsullarının Ukraynaya ixrac imkanlarını artırır. Bu sahədə hər iki ölkənin paytaxtlarında müntəzəm təşkil olunan “Azərbaycan-Ukrayna” Biznes Forumları mühüm rol oynayır".

N.Həmzəyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsində Ukrayna həmişə Azərbaycanın mövqeyini müdafiə edib: "Qardaş ölkə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycanın Avropa Birliyində bu təşkilata daxil olması haqqında müzakirələr gedəndə Ukraynanın nümayəndə heyəti Azərbaycanın yanında olub. Ukrayna nümayəndə heyətinin səlahiyyətlərinin AŞPA-da dayandırılması məsələsinin müzakirəsində isə Azərbaycan bu qətnaməyə qarşı çıxıb.

Ukrayna Prezidentinin Azrbaycana rəsmi səfəri çərçivəsində siyasi əlaqələr, humanitar, iqtisadi sahədə əməkdaşlıqla bağlı imzalanacaq sənədlər hər iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlıq eyni zamanda Cənubi Qafqaz regionunda və Şərqi Avropada sülh və sabitliyin daha da möhkəmlənməsinə kömək edəcək.

Belə ki, son illərdə Azərbaycan və Ukrayna arasında siyasi münasibətlərin, beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olması diqqət mərkəzində olub. Regional təhlükəsizliyin, sülhün təminatçısı kimi çıxış edən ölkəmizin təşəbbüsü və iştirakı ilə Azərbaycan-Türkiyə-Ukrayna regional üçtərəfli əməkdaşlıq formatının ərsəyə gətirilməsi beynəlxalq aləmdə razılıqla qarşılanıb. Ölkələr arasında qarşılıqlı faydalı layihələrin relallaşması, tərəflərin regionda daha da möhkəmlənməsi üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini daha da artırıb. Ümid edirik ki, ölkəmizin daha bir təşəbbüsü ilə Azərbaycan-Türkiyə-Rusiya regional üçtərəfli əməkdaşlıq formatı da bu sıraya əlavə ediləcək. Bu da regionda ümumi təhlükəsizlik baxımından riskləri azaltmaq üçün yeni imkanlar yaradacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti