Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına (DSK) çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, proqram təminatı ilə birgə çip oxuyan qurğular tam olaraq bütün dairə seçki komissiyalarına paylanılacaq: “Bundan sonra dairə seçki komissiyaları bu qurğuları seçki məntəqələrinə paylayacaq. Artıq qurğularla bağı bütün sınaqlar həyata keçirilib. Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”.