Bakı. Elçin Mehdiyev – Trend:
Veb-kameralar məntəqə daxilində səsvermənin bütün gedişatını izləyir. Bu tələb ciddi şəkildə həyata keçirilməlidir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, bununla bağlı pozuntu halı aşkarlanarsa, MSK-ya məlumat verilməlidir:
MSK sədri vurğulayıb ki, hazırda 1000 məntəqədə veb-kameralar quraşdırılıb: “Sevindirici hal ondan ibarətdir ki, indiyə qədər veb-kameraların fəaliyyəti ilə bağlı heç bir problem yaşanılmayıb. Veb-kamera praktikasının müəllifliyi Azərbaycana məxsusdur”.
Qeyd edək ki, sabah Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Ümumilikdə 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.
Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.