...

Bələdiyyə seçkiləri qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib - HESABAT

Siyasət Materials 24 Dekabr 2019 13:21 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu ilin fevral ayından başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib.
Bələdiyyə seçkiləri qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib - HESABAT

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu ilin fevral ayından başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib.

Trend-in məlumatına görə, assosiasiya bələdiyyə seçkilərinin azad, ədalətli, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini təşkil edib.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, bununla əlaqədar bu il dekabrın 13-də ictimaiyyətə Aralıq Hesabatı təqdim olunub. Hesabatda seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası və AVCİYA haqqında geniş məlumat öz əksini tapıb. Assosiasiya bu il oktyabrın-3-də KİV nümayəndələrinin iştirakı ilə “Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” adlı tədbir, noyabrın 15-də təsdiq edilmiş qrafikə uyğun olaraq regionlarda bələdiyyə seçkiləri ilə bağlı maarifçilik tədbirləri həyata keçirib. Yerli və beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə irəli sürdükləri təklif və tövsiyələri AVCİYA ekspertləri təhlil edərək Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürüblər.

Assosiasiya belə hesab edir ki, seçki ərəfəsi mövcud olan ictimai-siyasi mühit ölkədə azad və şəffaf seçkilərin keçirilməsinə imkan verib. Səsvermə günü 5 dəfə (saat 10.00, 12.00, 15.00, 17.00, 19.00) məntəqələrdəki seçici fəallığının vəziyyəti, müşahidə olunan qanun pozuntuları barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib. Assosiasiyanın bələdiyyə seçkilərinin yekunları ilə bağlı ilkin rəyi aşağıdakı kimidir:

AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış məntəqələrdə seçici fəalliğı 39,75 faiz təşkil edib. AVCİYA seçki qərargahının rəhbəri bildirib ki, seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınıb. Qeydə alınan faktlarla bağlı dərhal məntəqə sədrləri ilə əlaqə saxlanılıb, nöqsanlar aradan qaldırılıb. Bu cür çatışmazlıqlar seçkilərin ümumi nəticələrinə təsir etmək gücündə olmayıb.

Beləliklə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Assosiasiya belə hesab edir ki, seçkilər qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti