...

Missiya rəhbəri: ATƏT DTİHB seçkilərin ilkin dəyərləndirməsini sabah açıqlayacaq

Siyasət Materials 9 Fevral 2020 13:27 (UTC +04:00)
ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərinin ilkin dəyərləndirməsini sabah açıqlayacaq
Missiya rəhbəri: ATƏT DTİHB seçkilərin ilkin dəyərləndirməsini sabah açıqlayacaq

Bakı. Hüseyn Səfərov - Trend:

ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda parlament seçkilərinin ilkin dəyərləndirməsini sabah açıqlayacaq.

Bunu Trend-ə ATƏT DTİHB müşahidəçilər missiyasının rəhbəri Peter Teyler deyib.

O bildirib ki, missiyaya 12 uzunmüddətli müşahidəçi, qısamüdətli müşahidəçilər və 80 parlamentari daxildir:

“Biz indi qiymətləndirmə prosesindəyik. İlkin dəyərləndirmə sabah günün ikinci yarısında mətbuat konfransında açıqlanacaq. Biz prosesi seçki gününədək, seçki günündə və seçki günündən sonra müşahidə edirik. Elə məsələlər var ki, səsvermədən sonra baş verir. Bu gün səsvermə keçirilir, daha sonra səslər sayılır və nəticədə biz 125 dairə üzrə yekunları açıqlayırıq”.

P.Teyler əlavə edib ki, qısamüddətli müşahidəçilər və parlamentarilər seçkilərdən bir neçə gün sonra gedir, uzunmüddətli müşahidəçilər isə qalır.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti