...

Maldiv Seçki Komissiyası: Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq (FOTO)

Siyasət Materials 10 Fevral 2020 12:24 (UTC +04:00)
Maldiv Seçki Komissiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb.
Maldiv Seçki Komissiyası: Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq (FOTO)

Bakı. Samir Əli - Trend:

Maldiv Seçki Komissiyası Azərbaycanda keçirilən parlament seçkilərində apardığı müşahidənin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Maldiv Seçki Komissiyasının üzvü Fuvod Tovfok (Fuwod Thowfock) seçicilərin hər hansı narahatlıq olmadan öz səslərini verdiklərini bildirib.

F.Tovfok deyib ki, missiyanın müşahidələri ölkənin paytaxtı Bakı şəhəri ilə məhdudlaşıb: "9 fərqli ünvanda və ümumilikdə 11 seçki məntəqəsində müşahidələr aparmışıq. Biz səslərin sayılması prosesində də iştirak etmişik. Ümumilikdə seçki prosesi çox axıcı keçmişdi. Hava şəraitinin soyuq olması seçici fəallığına təsir göstərirdi. Amma buna baxmayaraq, seçkilərdə insanların iştirakı kifayət qədər yaxşı idi”.

O qeyd edib ki, seçki məntəqələrini həm daxildən, həm də xaricdən müşahidə ediblər: “Kənardan heç bir şəxsin seçicilərlə təmas qurmağa çalışmasına şahid olmadıq. Biz, həmçinin rəsmi şəxslərlə də ünsiyyətdə olmuşuq. İstər yerli müşahidəçilər, istərsə də komissiya üzvləri seçki prosesinin axıcı olması üçün çalışırdılar. Bizim olduğumuz hər bir seçki məntəqəsində ən azı 1 nəfər tərcüməçi var idi. Həmin insanlar bizim qarşı tərəflə ünsiyyət qurmağımıza köməklik göstəriblər. Vətəndaşlar beynəlxalq müşahidəçilərin burada iştirakını yüksək qiymətləndirirdilər və bizi gülərüzlə qarşılayırdılar”.

Maldivli təmsilçi nəzərə çatdırıb ki, Azərbaycan MSK seçkilərlə bağlı yüksək təşkilatçılığı və yaxşı hazırlığı ilə seçilirdi.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti