...

Brüsseldə Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu müzakirə edilib (FOTO)

Siyasət Materials 11 Mart 2020 15:38 (UTC +04:00)
Avropa Parlamentinin üzvləri - İlhan Kyüçyük və Andris Ameriksin dəstəyilə “Aİ qonşuluğunda regional və sub-regional əməkdaşlıq: Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığı” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Brüsseldə Azərbaycanın Avropanın enerji və nəqliyyat təhlükəsizliyinin təminatında aparıcı rolu müzakirə edilib (FOTO)

Bakı. Trend:

Avropa Parlamentinin üzvləri - İlhan Kyüçyük və Andris Ameriksin dəstəyilə “Aİ qonşuluğunda regional və sub-regional əməkdaşlıq: Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığı” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Avropa İttifaqı yanındakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, natiqlər Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirib, ölkəmizin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində fəaliyyətini xüsusilə vurğulayıb, eləcə də regional əməkdaşlıq formatlarının yaradılmasında təşəbbüskar olmasını qeyd ediblər.

Gürcüstan, Türkiyə və Aİ-nin bir sıra yüksək vəzifəli nümayəndələri bir çox iqtisadi, enerji, nəqliyyat və digər məsələlərdə Azərbaycanı etibarlı tərəfdaş kimi xarakterizə edib. Gürcüstanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri səfir Nataliya Sabanadze Azərbaycanın dəfələrlə Gürcüstanı xilas etdiyini söyləyob və strateji tərəfdaşlığımızın praktiki əhəmiyyətindən bəhs edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, habelə ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyü Brayza region ölkələri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin vaxtilə mərhum Prezident Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olduğunu bildirib, dahi liderin müəllifi olduğu enerji və nəqliyyat layihələrinin region əhalisinin rifahı üçün müsbət nəticələrindən söz açıb.

Səfir Fuad İsgəndərov məhz ulu öndər Heydər Əliyevin iradəsi və əvəzsiz siyasi strategiyası nəticəsində Azərbaycan Respublikasının bu gün dünya ölkələri arasında xüsusi yeri və çəkisi olduğunu vurğulayıb, regional müstəvidə Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətləri inkişaf etməsindən danışıb. Səfir əlavə edib ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan Ermənistan rəhbərliyi işğalçı siyasətindən əl çəksə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanısa və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa Ermənistanın da regional layihələrə qoşulması mümkündür.

Tədbir zamanı çıxış edən digər qonaqlar Azərbaycanın beynəlxalq arenada müsbət imicinin danılmaz olduğunu vurğulayaraq ölkəmizin uğurlarının davamlı olacağına əminlik bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti