...

İƏT Modeli – 2020 konfransı onlayn formatda öz işini bitirdi (FOTO)

Siyasət Materials 8 İyun 2020 15:01 (UTC +04:00)
İƏT Modeli – 2020 konfransı onlayn formatda öz işini bitirdi (FOTO)

Bakı. Trend:

Bakıda yerləşən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən beynəlxalq İƏT Modeli layihəsi çərçivəsində “İƏT Modeli – 2020” konfransı onlayn formatda öz işini bitirib.

Forumdan Trend-ə verilən məlumata görə, iki aydan artıq davam etmiş və ümumilikdə, 50 min gənci əhatə etmiş layihənin milli formatının yekununda Azərbaycanın aparıcı univestitetlərindən 60-a yaxın seçilmiş tələbə İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrini təmsil edərək, bu qurumun xarici işlər nazirlərinin simulyasiya konfransına qatılıblar. Tədbirin açılış hissəsində çıxış edən Regional Mərkəzin İdarə Heyətinin sədri Elçin Əsgərov 2011-ci ildən etibarən, bu proqram çərçivəsində istər milli, istərsə də beynəlxalq səviyyədə keçirilən tədbirlər haqqında məlumat verib. Mərkəzin baş direktoru Elməddin Mehdiyev İƏT haqda məlumat verərək, bu təşkilatın dünyada tutduğu mövqe və 1991-ci ildən bu yana Azərbaycan – İƏT münasibətlərindən, o cümlədən, Azərbaycanın ev sahibliyi ilə keçirilən İƏT tədbirlərindən bəhs edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin Müavini İntiqam Babayev, nazirliyin pandemiya dövründə həyata keçirdiyi və dəstək verdiyi onlayn layihələrdən bəhs edərək, İƏT Modeli layihəsinin artıq 10 ildir ki, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunduğunu və bu il təşkilatçıların birgə qərarı ilə pandemiya ilə bağlı olaraq, onlayn formatda keçirildiyini bildirdi. Nazir müavini İƏGF Regional Mərkəzi ilə Nazirlik arasında uğurlu əməkdaşlığın mövcudluğunu və Azərbaycan gəncliyinin Regional Mərkəzin fəaliyyətlərindən daha artıq faydalana bilməsi üçün bu əməkdaşlığın inkişaf etdiriləcəyini bildirərək, gənclərə uğurlar arzu edib. Nazirliyin əməkdaşı Rüstəm Abdullayev Nazirliyin onlayn həyata keçirilən layihələri haqda geniş təqdimat edib.

Daha sonra “Əfqanıstanın gələcəyi: əsas təhdidlər və sülh perspektivləri” mövzusunda İƏT Modeli Xarici İşlər Nazirləri Konfransının simulyasiya oyunları baş tutub. Konfransda Əfqanıstandakı hal-hazırda mövcud vəziyyətlə bağlı müxtəlif İƏT ölkələrini təmsil edən nümayəndələr arasında geniş diskussiyalar aparılıb və sonda müvafiq qətnamələr qəbul edilib. Tədbirdə xüsusi bacarığı və fəallığı ilə seçilən gənclər bu il ərzində Kazan şəhərində keçirilməsi planlaşdırılan Beynəlxalq İƏT Modeli Sammitində iştirak etmək hüququ əldə ediblər.

Xatırladaq ki, “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” təhsil proqramı artıq 10 ildir ki, uğurla həyata keçirilməkdədir. Bu il pandemiya səbəbi ilə proqramın bütün mühazirələri onlayn rejimdə, milli dinləyicilər üçün Azərbaycan, beynəlxalq iştirakçılar üçünsə ingilis dilində həyata keçirildi. Bu proqram İƏT məkanında fəaliyyət göstərən gənclərin liderlik və kommunikasiya qabiliyyətlərinin yüksəldilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti