...

Beynəlxalq İƏT Modeli konfransı Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləyib (FOTO)

Siyasət Materials 25 İyun 2020 12:06 (UTC +04:00)
Beynəlxalq İƏT Modeli konfransı Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləyib (FOTO)

Bakı. Trend:

27 ölkədən 85 gəncin iştirak etdiyi “Pandemiya sonrası dünya: İƏT üzv ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar və çağırışlar” mövzulu beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modelinin 3-cü xüsusi konfransı dünən konfransın yekun qətnamələrini qəbul edərək öz işini uğurla tamamlayıb.

Trend-in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə onlayn formatda 23 iyun tarixində öz işinə başlayan beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransı Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci il tarixində, “Azərbaycanlıların Soyqırım Günü”ndə keçirilən qondarma seçkiləri qanunsuz adlandıraraq şiddətlə qınayıb. Qətnamədə dünyada COVID-19 pandemiyası ilə bağlı yaranmış böhran vəziyyətində Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz seçkilərin keçirilməsi pislənərək, bunun işğalçı Ermənistan və onun qurduğu kukla rejimin insani dəyərlərə, ictimai əxlaqa və ümumilikdə beynəlxalq hüquqa biganə münasibətinin sübutu olduğu qeyd edilib. İƏT üzv dövlətləri və beynəlxalq qurumları təmsil edən gənclər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərində yaranmış epidemoloji vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə edərək, dünya ictimaiyyətindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün təcili addımlar atmağı və işğalçı Ermənistan Respublikasının hərbi qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayondan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər.

Qətnamənin giriş hissəsində Azərbaycan hökumətinə COVID-19 pandemiyası ilə mübarizədə milli, regional və qlobal səviyyədə atdığı ciddi addımlara və hər üç səviyyədə birləşdirici və dəstəkləyici fəaliyyətlərinə görə dərin təşəkkür ifadə olunub.

Bununla yanaşı, gənclər İƏT ölkələrində hal-hazırkı pandemiya vəziyyəti, bir qurum olaraq istər İƏT-in, istərsə də ayrı-ayrı üzv-ölkələrin pandemiya ilə bağlı yaranmış böhran vəziyyətində həyata keçirməli olduqları siyasət və onun effektivliyi ətrafında müzakirələr apararaq, İƏT Səhiyyə Əməkdaşlığı Platformasının qurulması və İƏT coğrafiyasında pandemiya ilə bağlı yaranmış fəsadların aradan qaldırılması üçün İƏT Post-COVID19 Fondunun yaradılması kimi konkret təkliflər irəli sürüblər.

Qeyd etmək lazımdır ki, İƏGF-nin əsas layihələrindən olan “İƏT Modeli” layihəsi 2010-cu ildən etibarən keçirilməkdədir və İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı və Azərbaycan Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə artıq 10 ildir ki, hər il milli və beynəlxalq səviyyədə uğurla təşkil olunur. Bu proqramın əsas məqsədi İƏT coğrafiyasında mövcud olan aktual problemləri müzakirə edərək, gənclərin diplomatik və kommunikasiya bacarıqlarını gücləndirmək, onların beynəlxalq arenada təmsilçilik səviyyələrini artırmaq və İƏT üzv ölkələrini təmsil edən gənclər arasında həmrəyliyi inkişaf etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti