Bakı. Trend:
İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansı bir məlumat yoxdur. Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə biz İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkürümüzü bildirmək istəyirik. Bizdə olan məlumata görə, Gürcüstan ərazisindən bu gün mülki təyyarələrlə, eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla silah göndərilir.
Trend xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistana silah göndərilməsi barədə danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: “Ermənistan bu yaxınlarda bir təyyarə satın almışdır. Bizdə olan məlumata görə, təqribən 30-40 milyon dollara almışdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır, Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi göndərirlər. Eyni zamanda, bu “İl-76” təyyarəsinin alınması Ermənistana imkan verdi ki, o silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbi təyinatlı məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki karqodur. Amma onun içərisində tank əleyhinə “Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə, Rusiyada qaçaq yollarla alınmış raketlər göndərilir. Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmən müraciət etdik ki, bu məsələni araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır”.
Prezident İlham Əliyev qeyd edib ki, rəsmi Moskva tərəfindən də Rusiyanın Ermənistana silah göndərmədiyi barədə açıqlama verilib. Ona görə bizim fikrimizcə, bu silahları Rusiyada yaşayan erməni iş adamları, zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.