...

İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır - Deputat

Siyasət Materials 23 Oktyabr 2020 19:11 (UTC +04:00)
İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın məntiqsiz davranışları münaqişə bölgəsində müharibəni alovlandırdı. Azərbaycan 30 il ərzində münaqişənin beynəlxalq hüquq normalar çərçivəsində həll olunmasını səbirlə gözləyirdi. İstəyirdik ki, münaqişənin həll olunmasına BMT TŞ-nın mandatını almış ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Təəssüflər olsun ki, səlahiyyətli beynəlxalq təşkilatlar işğalçı tərəfə təzyiq mexanizmlərindən istifadə etmədi.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, məhz cəzasızlıq mühitində daha da azğınlaşan Ermənistanın siyasi-hərbi rəhbərliyi "Qarabağ Ermənistandır", "Yeni ərazilər uğrunda yeni müharibə" ifadələrini səsləndirir, işğal altında olan ərazilərimizə xaricdən qeyri-qanuni məskunlaşdırma və digər alçaq hərəkətləri ilə Azərbaycan xalqının hislərini təhqir etməyə başladı:

"Biz ermənilərin bu alçaq hərəkətlərinə və rəhbərliyin sərsəm bəyanatlarına daha dözə bilməzdik. Ona görə də düşmənin 27 sentyabrda həyata keçirməyə cəhd etdiyi növbəti təxribatına cavab verməli olduq və bu dəfə torpaqlarımızın öz gücümüzlə işalçılardan təmizlənməsi əməliyyatlarına başladıq. Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın bir hissəsi işğalçılardan təmizlənməklə düşmənin iqtisadi və hərbi gücü məhv edilmişdir.

Uzun illər ərzində Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilməzdir deyilən və dəyişdirə bilmədiyi status-kvonu Azərbaycan ordusu dağıtdı. Bu gün Azərbaycan ordusu addım-addım tarixi qələbəyə yaxınlaşır və düşməni məhv edir. Minsk Qrupu tərəfindən münaqişənin müzakirəsi isə ancaq Ermənistanın işğalçı hərbi birləşmələrini Azərbaycanın ərazilərindən çıxarılması ilə əlaqədar konkret təqvim üzrə başlanmalıdır. İndiki şəraitdə Ermənistan rəhbərliyi daha məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti