Bakı. Asif Mehman - Trend:
Ümid edirik ki, 44 günlük müharibənin başa çatmasından sonra yaranmış vəziyyət münaqişədən sonrakı yenidənqurma və bərpa, eləcə də dinc birgəyaşayışın bərpa olunması mərhələsi kimi xarakterizə olunacaq.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
Nazir bildirib ki, üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən otuz ilə yaxın davam edən silahlı münaqişəyə son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtması və nəhəng iqtisadi potensialın reallaşması üçün zəmin yaratmışdır. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin yenidən bərpa olunması nəzərdə tutulur. Bu, regionumuzun Asiya və Avropa arasında ticarətdəki rolunu gücləndirməsinə imkan yarada bilər:
"İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar yaranır və GUAM yeni reallıqlardan yararlana bilər. Bu xüsusda, Azərbaycan bölgədəki sülh və sabitliyə töhfə vermək üçün ayrı-ayrı GUAM üzv dövlətləri də daxil olmaqla tərəfdaşları ilə işləməyə hazırdır".