...

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının konfransındakı mesajları artıq yüksək səviyyədə icra olunub - Deputat

Siyasət Materials 6 Aprel 2021 15:36 (UTC +04:00)
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının konfransındakı mesajları artıq yüksək səviyyədə icra olunub - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Üç il bundan əvvəl - 2018-ci il aprelin 3-6-da Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı öz miqyasına görə kifayət qədər geniş bir tədbir idi və dünya dövlətləri, beynəlxalq təşkilatlar bu tədbirə böyük maraq göstərirdilər. Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirb ki, konfransın Bakı Konqres Mərkəzində baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyərək o dövrdə ölkəmizin ən ağrılı problemi – üç onillik ərzində davam edən və ötən il Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı şanlı qələbə sayəsində artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı:

“Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransındakı nitqində də zamanında ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət çəkib. Prezident İlham Əliyev BMT TŞ-nin özündə Ermənistanın hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxardılmasını ehtiva edən 4 qətnaməsinin yerinə yetirilmədiyini təəssüf hissi ilə vurğulamışdı. Dövlət başçımız qətiyyətlə bildirmişdi ki, Azərbaycan ərazisinin işğalına son qoyulmalıdır və yalnız ondan sonra regionda sülh bərqərar oluna bilər”.

Deputat əlavə edib ki, Azərbaycanın dövlət başçısının Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransəında Ermənistan-Azərbaycan münaqişəsinə dair verdiyi mesajların icrası artıq yüksək səviyyədə təmin olunub:

“Ölkəmiz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində işğalçı Ermənistanı bütünlüklə kapitulyasiyaya məruz qoydu və təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Düşmən tərəfi noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytardı. Beləliklə, Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Onu da deyim ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv olub və ötən illərdə qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü böyük uğurla baş tutub və həmin tədbirdə quruma sədrlik 2019-2022-ci illərdə Azərbaycana keçib. Hazırda ölkəmiz Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir. Öz növbəsində bu təşkilat da öz ənənəsinə sadiq qalaraq Vətən müharibəsi dövründə Azərbaycana dəstəyini davam etdirdi. Dost ölkələrin, o cümlədən də Qoşulmama Hərəkatının müharibə dövründə verdikləri siyasi və mənəvi dəstək ölkəmizin özünəinam hissini daha da artırdı və biz müharibəni qələbə ilə başa vurduq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti