...

Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat

Siyasət Materials 19 Aprel 2021 17:34 (UTC +04:00)
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistan 10 noyabr sazişində əksini tapmış kommunikasiya xətlərinin açılmasını ləngidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistan tərəfi bu gün də qeyri-konstruktiv mövqeyini davam etdirməkdədir: “Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qalib gəlməsi və öz torpaqlarını işğaldan azad etməsi regionda yeni reallıq və əməkdaşlıq mühiti yaradıb. Azərbaycan yeni reallıqda bütün qonşu ölkələrlə əməkdaşlıq etməyə açıq olduğunu bəyan edib. Lakin əfsuslar olsun ki, Ermənistan tərəfindən eyni davranışı görmək mümkün deyil, əksinə, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək 10 noyabr sazişinin həyata keçirilməsini ləngidir”.

Deputat vurğulayıb ki, Ermənistan tərəfi bu hərəkəti ilə eyni zamanda regionda sülhün bərqərar olmasına mane olur: “Bu gün Ermənistan həm siyasi, həm də iqtisadi baxımdan dərin böhran içərisindədir və bu böhranın nə ilə nəticələnəcəyi bəlli deyil, lakin Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistan rəhbərliyi hələ də yeni reallığı anlamır və başa düşmür ki, Ermənistanın düşdüyü vəziyyətdən çıxmağın, iqtisadiyyatı inkiaf etdirməyin yeganə yolu qonşu ölkələrlə əməkdaşlıqdan keçir.

Əgər 10 noyabr sazişində nəzərdə tutulan kommunikasiya xətləri açılmasa, Ermənistan blokada vəziyyətindən çıxa bilməyəcək, bu da Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsinə səbəb olacaq, əhalinin onsuz da pis vəziyyətdə olan sosial durumunun daha da pisləşməsinə gətirib çıxaracaq.

Lakin bu vəziyyətdə belə Ermənistan öz işğalçı xislətindən qurtula bilmir, yenə də absurd, revanşist fikirlər səsləndirir, sülhün bərqərar olmasına əngəl törədir. Lakin Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, bu davranış ölkə üçün yaxşı heç nə vəd etmir. Elə məhz işğalçılıq siyasəti nəticəsində Ermənistan bugünkü ağır duruma düşüb. Əgər Ermənistan yeni reallığı anlamayıb, kommunikaiya xətlərinin açılmasına mane olmaqda davam etsə, özünü daha da çətin duruma salmış olacaq. Buna görə də Ermənistanın yeganə yolu 10 noyabr sazişinə əməl etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti