...

Ərdoğanın Şuşa səfəri dünyaya növbəti mesajdır

Siyasət Materials 16 İyun 2021 14:13 (UTC +04:00)
Ərdoğanın Şuşa səfəri dünyaya növbəti mesajdır

Bakı. Elçin Mehdiyev - Trend:

Nəhayət ki, gözlənilən o tarixi an gəldi. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizin mədəniyyət paytaxtı Şuşaya səfəri reallaşdı. Qeyd edim ki, bu səfər bütün məqamları ilə önəmlidir və strateji əhəmiyyət kəsb edir. Çünki cənab Ərdoğanın Şuşaya səfəri istər Ermənistana, istərsə də bütün dünyaya növbəti bir mesajdır. Eyni zamanda bu səfər iki ölkənin Vətən müharibəsindəki Zəfərin sevincini birgə yaşamasını bir daha təsdiqləyir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan Şuşaya səfər edən ilk xarici ölkə prezidentidir: “Bu, tamamilə təbiidir. Türkiyənin dövlət başçısının xarici ölkə liderləri arasında ilk olaraq Şuşaya səfərə gəlməyə tam mənəvi haqqı var. Çünki 44 günlük Vətən müharibəsində mənəvi-siyasi dəstəyi ilə qardaş Türkiyə hər dəqiqə ölkəmizin yanında oldu”.

V.İskəndərov vurğulayıb ki, həmin tarixi Zəfərimzdən sonra azad Şuşaya reallaşan bu səfər, həmçinin Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bir daha iki ölkə arasındakı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir:

“Mən öncə bu Bəyannaməni tarixi baxımdan dəyərləndirmək istəyirəm. Belə ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Yəni, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu.

İki ölkə arasındakı bir çox sahələrə dair əməkdaşlığın daha da genişləndirilməsini özündə ehtiva edən Şuşa Bəyannaməsində əks olunan iki məqamın üzərində xüsusilə dayanmaq istəyirəm. Bunlardan biri müdafiə sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Belə ki, Bəyannamədə “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi, bir-birinə BMT Nizamnaməsinə uyğun lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili” ilə bağlı məqamın əks olunması mühüm və strateji əhəmiyyət kəsb edir.

Eyni zamanda Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılmasına dair məqam da bu Bəyannamədə öz əksini tapıb. Bir sözlə, Vətən müharibəsində əldə edilən Zəfər kimi, bu gün imzalanan Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin də Türk dünyasının tarixinə qızıl hərflərlə yazılacağına şübhə etmirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti