Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlər qurulmasının tərəfdarıdır və bu istiqamətdə səmimi siyasət yürüdür. Lakin İran son dövrlər qeyri-səmimi addımlar atır. Azərbaycan tərəfi buna cavab olaraq ən yüksək səviyyədə bildirdi ki, biz qonşu ölkə kimi istənilən münasibətə hazırıq, ancaq bizimlə təhdid dilində danışmağı, düşmənlərimizə, xüsusilə Qarabağdakı terrorçu və separatçı ünsürlərə bu və ya digər formada dəstək verilməsini qəbul etməyəcək və bunun qarşısını almaq üçün lazımi addımlar atacağıq.
Bunu Trend-ə Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, İran birdən-birə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək və sanki Araz boyu Azərbaycana güc nümayiş etdirmək niyyəti ilə addım atdı:
“İran bu addımı iki il qabaq atsaydı hamı düşünərdi ki, Tehran ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində məscidləri dağıtmasına etiraz edir, çünki onlar özlərini müsəlman dövləti adlandırırlarsa, heysiyyata toxunan əsas məsələ məscidlərin dağıdılması olmalı idi. Ancaq Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi niyə İranı bu qədər qıcıqlandırmalıdır?! Niyə narahat etməlidir?! Onlar müsəlman deyillərmi?! Necə olur Türkiyə, Pakistan müsəlman ölkələri kimi gəlib Azərbaycanla birgə hərbi təlimlərdə iştirak edir, amma İran əks tərəfdə bizə qarşı hərbi təlimlər keçir?! Bəs onda İslam, müsəlmançılıq harda qaldı?!
Azərbaycan əraziləri işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun təlim keçirməyən bir dövlət, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra sərhəddə təlimə başlayır. Buna görə də Azərbaycan haqlı olaraq soruşur ki, bəs indiyə qədər niyə təlim keçirmirdiniz?
Mənə elə gəlir ki, İran da öz siyasətində fərqli bir istiqamət tutacaq və anlayacaq ki, qonşularla münasibət qurmaq, Azərbaycanla səviyyəli əlaqələr yaratmaq İranın ancaq faydasına ola bilər. Məsələn, kommunikasiya xəttlərinin açılmasından ən çox İran yararlanacaq. Ona görə də hansısa əsəbi formada Azərbaycana qarşı təhdid yaxud da təzyiq göstərməyin heç bir mənası yoxdur. Bunun ancaq İran üçün mənfi nəticəsi ola bilər”.
Deputat erməni işğalı dövründə iranlı işbazlar tərəfindən Azərbaycan ərazilərindən mülklərin sökülüb aparılımasına da münasibət bildirib. O qeyd edib ki, Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan bölgələrində iranlı işbazların dəsti-xətti görünür:
“Onlar ermənilərlə birgə həmin ərazilərdə insanlarımıza məxsus mülkləri söküb aparıblar. Azərbaycan tərəfinin bu məsələlər üzərində çox da durmaması o demək deyil ki, biz bunları unutmuşuq. Ona görə də İran çalışmalıdır ki, ermənilərlə birlikdə Azərbaycan ərazilərinin talan olunmasında iştirak etməklə yol verdiyi səhvi düzəltmək üçün müəyyən addımlar atmalıdır.”