...

Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə təşəbbüsləri dünyada yüksək dəyərləndirilir - Deputat

Siyasət Materials 28 Fevral 2022 12:09 (UTC +04:00)
Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə təşəbbüsləri  dünyada yüksək dəyərləndirilir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə təşəbbüsləri dünyada yüksək dəyərləndirilir. Qlobal arenada mühüm addımlar atan Azərbaycan yenidən dünyanın diqqət mərkəzindədir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi dünyaya töhfələrini verməkdə davam edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

O qeyd edib ki, ölkəmizin bu hərəkata üzvlüyü 2011- ci ildə reallaşıb. "Azərbaycanın Qoşulmama Hərəkatına 2019-cu ildən etibarən sədrlik etməsi isə quruma üzv dövlətlərin liderləri tərəfindən yüksək qiymətləndirilərək təqdir olunub", - deyə o vurğulayıb.

Deputat bildirib ki, ötən həftə BMT Baş Assambleyasının “Universal peyvəndləmə üçün səylərin artırılması” mövzusunda keçirilən tədbir də mövcud situasiyaya görə xüsusi diqqət çəkib.

"Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatına üzv dövlətlər adından videoformatda çıxışı COVID-19 ilə qlobal mübarizə, onun nəzarətdə saxlanılması, virusun yayılmasının qarşısının alınması, eyni zamanda, kasıb ölkələrə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rola malik olması baxımından mühüm önəm daşıyıb.

Xatırladım ki, pandemiyanın mövcud olduğu vaxtdan onunla mübarizənin aparılması kontektsində, eləcə də əməkdaşlıq və həmrəylik ruhunda Qoşulmama Hərəkatı bir sıra təşəbbüslərə yol açıb. Bu yöndə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Xüsusi Sessiyanın reallaşması, habelə keçən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası, eləcə də Baş Assambleya tərəfindən qəbul edilən “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında, universal əlçatanlığın təmin edilməsi” nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülüb. Pandemiya dönəminin ən əhəmiyyətli məqamlarından biri də peyvənd bölgüsünün düzgün aparılması ilə əlaqədar olub.

Ölkə rəhbəri çıxışı zamanı bu məsələdə şəffaflıgın, ədalətli yanaşmanın tərəfdarı oldugunu bir daha qeyd edib: ”Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.”

Ümumiyyətlə, koronavirus kimi dünyəvi bir problem qlobal yanaşma tələb edir. Bir çox ölkələrin gəlirləri az və ya orta səviyyədə qərar tutur. Bu da özlüyündə peyvənd tədarükünün aşağı olmasına gətirib çıxarır və nəticə etibarilə, hələ daha çox işlərin aparılmasına zəmin yaradır", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr arasında mövcud bərabərsizlik qısa zaman kəsiyində beynəlxalq ictimaiyyətin pandemiyadan tamamilə xilasına mənfi təsir göstərir və prosesin uzanmasını şərtləndirir.

"Nəticədə sözügedən amil Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Bu da bir çox fəaliyyətlərdə çətinliklərin yaranmasına gətirib çıxarır.

Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini yüksək dəyərləndirir. Ayrıca, bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə aşılayır. Bu məcrada Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərini məqbul qiymətə, bərabər, universal və zamanında əlyetənliyinin təmin edilməsinə xidmət göstərən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək dəyərləndirir və dəstəkləyir.

Pandemiyanın tezliklə aradan qaldırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün Qoşulmama Hərəkatı mütəşəkkil səylər göstərməkdə davam edir. Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması baxımından adekvat tədbirlərin reallaşdırılmasını uğurla həyata keçirir.

Ölkəmizdə peyvəndləmə kampaniyasına 2021-ci il yanvar ayından başlanılıb. Hazırkı vaxta qədər respublika əhalisinin 68 faizinə peyvəndin hər iki dozası tətbiq edilib. Virusdan əziyyət çəkmiş əhali, eyni zamanda, sahibakarlıq subyektlərinin dəstəklənməsi istiqamətində bu ilin dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb", - deyə R.Mahmudov vurğulayıb.

Deputat sonda bildirib ki, həmrəylik əlaməti olaraq, koronavirusla mübarizədə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardım göstərib.

"Bu, dəstəkləmə prinsipinin önəmli faktorlarından biri kimi dəyərləndirilib. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, gerçəkləşdirilən bütün missiyalarla yanaşı, 5 ölkəyə peyvənd ianəsi reallaşdırılıb və bu işin davam etdiriləcəyi nəzərdə tutulub. Hazırda isə təqribən bir milyon doza peyvəndin Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə ianəsi davam edir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti