Bakı. Trend:
Azərbaycan tarixinə böyük zəfər kimi yazılan 44 günlük Vətən müharibəsindən iki ilə yaxın vaxt keçir. Lakin azad olunmuş torpaqlarımızda mənfur düşmənlərimiz minlərlə mina basdırıb. Ermənistan ordusu döyüş meydanında məğlub olduqdan sonra həmin ərazilərdə basdırdıqları minaların xəritələrini ilk dövrlərdə bizə vermək istəmirdi. Sonradan xəritələrin bir hissəsi Azərbaycan tərəfinə verilsə də, onun dəqiqliyi basdırılan minalarla çox az üst-üstə düşdü. Bu səbəbdən həmin ərazilərdə quruculuq işləri aparan mülki vətəndaşlarımız, bəzi hallarda hərbçilərimiz də minalanmış sahədə xəsarət alır və həlak olur. Bu, bir daha ermənilərin məkrli xislətlərini göstərir.
Bunu Trend-ə siyasi ekspert Elşad Həsənov deyib.
Onun sözlərinə görə, ermənilərin əsas məqsədlərindən biri də azad olunmuş torpaqlarımıza qayıdışın ləngiməsidir.
"Bütün bunlara baxmayaraq, azad olunan torpaqları minalardan təmizləmək üçün dövlətimiz mühüm işlər görür. Xarici ölkələrdən minaların təmizlənməsi üçün texnikalar alınır, mütəxəssislər cəlb olunur. Cənab Prezident İlham Əliyevin göstərişi ilə mina və partlamamış sursatlardan təmizlənən ərazilərdə sürətlə tikinti-quruculuq işləri aparılır. Avropa və Türkiyədə istehsal olunan mexaniki sistemlərin ölkəmizə gətirilməsinə və tətbiqinə başlanılıb", - deyə ekspert vurğulayıb.