...

Əvvəlcədən planlaşdırılan təxribat - Ermənistan Tovuz döyüşləri zamanı yaşadığı biabırçılığı təkrarladı

Siyasət Materials 15 Sentyabr 2022 10:38 (UTC +04:00)
Əvvəlcədən planlaşdırılan təxribat - Ermənistan Tovuz döyüşləri zamanı yaşadığı biabırçılığı təkrarladı
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Hazırda həm Azərbaycanda, həm də Ermənistanda sentyabrın 12-də dövlət sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində baş verən gərginliyin səbəbləri və nəticələri geniş müzakirələrə səbəb olur. Erməni cəmiyyəti məğlubiyyətin acısını baş nazir Nikol Paşinyanın komandasından çıxmağa çalışır və siyasi hakimiyyətdən hesabat tələb edir. Təbii ki, regionda yaşanan hərbi gərginliyə, itkilərə görə məsuliyyəti birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Keçmiş Qarabağ münaqişəsinin bütün mərhələləri göstərir ki, Azərbaycan həmişə Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı olub. Ermənistan isə bütün dövrlərdə təcavüzə meyilli siyasət yürüdüb və bölgədə sülhün hökümran olmasına maraq göstərməyib.

Rəsmi Bakının sülhpərvər mövqeyinə, sülh müqaviləsi bağlamaqla bağlı təkliflərinə baxmayaraq, İrəvan Vətən Müharibəsindən sonra da bölgədə hərbi gərginliyi saxlamağa cəhdlər göstərib.

İrəvanın əvvəlcədən planlaşdırdığı 12 sentyabr təxribatı və Ermənistana verilən dərs

12 sentyabr təxribatından əvvəl baş vermiş hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, İrəvan dövlət sərhədində hərbi gərginliyi əvvəlcədən planlaşdırıb. Məsələn, artıq uzun müddətdir ki, rəsmi İrəvan beynəlxalq aləmdə Azərbaycana qarşı sistemli çirkin təbliğat kampaniyasına başlayıb, sülh danışıqlarını pozmaq, bölgədəki kommunikasiya layihələrinin gerçəkləşməsinin qarşısını almaq üçün planlar üzərində işləyir. Ermənistan ötən dövr ərzində Azərbaycanın bölgəyə sülh gətirməklə bağlı bütün təkliflərini sabotaj etməklə məşğul olub və hazırda da bu prosesi davam etdirdi, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırırdı.

Rəsmi İrəvan Azərbaycanın sülh təkliflərini müzakirə etmək əvəzinə, Ermənistanda revanşist ab-havanı qızışdırır, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddiaları süni şəkildə stimullaşdırırdı. İrəvan Bakının masada müzakirə təkliflərini görməzdən gəlməklə yanaşı, Vətən Müharibəsi zamanı darmadağın edilən ordusunun bərpası istiqamətində işlər aparır, ölkənin hərbi siyasi rəhbərliyi hər vəclə Rusiya, ABŞ, Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərini daim gündəmdə saxlayırdı. Həmçinin Ermənistan Azərbaycanın bütün xəbərdarlıqlarına baxmayaraq, Qarabağa hərbçilər və silah göndərir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər göstərirdi. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

Ermənistanın Azərbaycana qarşı planlaşdırdığı hücum əməliyyatını yuxardakı faktlarla yanaşı baş nazir Nikol Paşinyan sentyabrın 7-də Rusiyanı Vladivostok vilayətində Şərq İqtisadi Formu zamanı səsləndirdiyi fikirlər də ifşa edir. Paşinyan çıxışı zamanı dünyada baş verən hərbi gərginliklərə diqqət çəkərək Cənubi Qafqazda da sabitliyin pozula biləcəyini vurğulamışdı. Erməni baş nazirin Forumdakı hərbi gərginliyin olacağına işarə edən çıxışından bir neçə gün sonra sərhəddə təxribatın baş verməsi təsadüf ola bilməz.

Bundan başqa, Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə idi və bu səbəbdən, Paşinyan daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüra yolunu seçdi. Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıqlar edib. Amma Ermənistan Azərbaycanın xəbərdarlıqlarından heç bir nəticə çıxarmayaraq, təxribat planları üzərində daha aktiv şəkildə işləyib.

Bütün sadalanan məqamlar bir daha göstərir ki, Ermənistan 12 sentyabr təxribatını əvvəlcədən planlaşdırıb, uzun müddət revanşa hazırlaşıb və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradıb.

30 ilə yaxın Ermənistandakı revanşistlərə, “Qarabağ klanı”na qarşı qəti mövqe nümayiş etdirən Azərbaycan Vətən Müharibəsində məhv etdiyi saxta və bölgəni yenidən qaynar hadisələrin mərkəzinə çevirəcək ideologiyanın bir daha baş qaldırmasına imkan verə bilməzdi. Bu səbəbdən, Ermənistan ordusuna sərt cavab verildi və 7 saatlıq unikal əməliyyat nəticəsində İrəvanın icrasına ciddi şəkildə hazırlaşdığı hərbi təxribat uğursuzluğa düçar oldu. Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir.

İrəvanın təxribat planının iflasa uğramasının rəqəmlərə və faktlarla bəyanı

Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə müdaxiləsi İrəvana baha başa gəldi. Ordumuz İrəvanın tərxibatına qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistanın həmin bölgədə yerləşən bütün nəqliyyat-kommunikasiya sistemini və çox mühüm yüksəkliklərini nəzarətə götürüb. Həmçinin Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Ermənistana bu hərbi obyektləri bərpa etmək üçün ən azı 4-5 il vaxt lazımdır.

Bundan başqa, qarşı tərəfin çox sayda hərbi texnikası, 1 milyard dollardan artıq dəyəri olan iki S-300 raketi, xeyli hərbi obyekti və onlarla postu darmadağın edilib.

Rəsmi İrəvan ictimai qınaqdan qorxduğu üçün açıqlamasa da, itkiləri Azərbaycan tərəfinin itkilərindən qat-qat çoxdur, yüzlərlə yaralısı var. Ermənistan ordusu son döyüşlərdə 200 nəfərə yaxın canlı qüvvə itirib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaydığı rəsmi məlumatda qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazırdır. Azərbaycan tərəfinin Ermənistanın itkiləri ilə bağlı yaydığı açıqlamadan sonra rəsmi İrəvan itkilərinin çox olduğunu qismən etiraf edib. Baş nazir Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar nəticəsində Ermənistan silahlı qüvvələrinin 105 hərbçisi həlak olduğunu açıqlayıb.

"Tovuz hadisələri" və 12 sentyabr təxribatı - fərqliliklər və oxşarlıqlar

"Tovuz hadisələri" ilə 12 sentyabr təxribatını fərqləndirən cəhətlərdən biri həmin vaxt Qarabağ işğal altında olduğu üçün Azərbaycanın Ermənistanla dövlət sərhədinin bir hissəsinin İrəvanın nəzarəti altında olmasıdır. Hazırda isə Azərbaycan Ordusu Ermənistanla dövlət sərhədinin bütün hissələrinə nəzarət edir və Silahlı Qüvvələrimiz Laçın, Kəlbəcər və Zəngilan istiqamətində düşmənə layiqli cavab verir.

Ermənistan 12 sentyabrda olduğu kimi, 2020-ci ilin iyulunda baş verən Tovuz təxribatını da əvvəlcədən planlaşdırmışdı və ciddi hazırlaşmışdı. Həmin vaxt mediada yayılan xəbərlərdə İrəvanın ona havadarlıq edən ölkələrdən, xüsusilə, Rusiya və Serbiyadan silah aldığı, hərbi arsenalını gücləndirdiyi barədə məlumatlar yayılmışdı. Yuxarda da qeyd edildiyi kimi, İrəvan 12 sentyabr təxribatından əvvəl ABŞ, Rusiya və bir neçə Avropa dövləti ilə hərbi əməkdaşlığı artırmaq üçün intensiv danışıqlar aparıb.

12 sentyabr təxribatı ilə "Tovuz hadisələri" arasında oxşar cəhətlərdən biri isə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş peşəkarlığı, rəşadəti göstərməsidir. Həmin döyüşlər zamanı general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər igidlərimizin qəhrəmanlığı, igidliyi, şücaəti nəticəsinə Ermənistan ordusuna ağır zərbə vurulmuşdu. 12 sentyabr təxribatı zamanı da əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarının icrasına imkan verməmək üçün canlarını qurban verdilər. Azərbaycan əsgəri bir daha göstərdi ki, Vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətindədir, döyüşə daim hazırdır. Əgər Ermənistanın hərbi-siyasi rəhbərliyi yenidən revanşa cəhd etsə, Azərbaycan ordusu tərəfindən layiqli cavab veriləcək. Erməni xalqı sülh içində yaşamaq istəyirsə, Ermənistan rəhbərliyinin hərbi yalanlarına, pafoslu çıxışlarına aldanmamalı və İrəvanın Bakının tələblərini icra etməsi üçün ölkəni idarə edənlərə təzyiqlər göstərməlidir.

Xəbər lenti

Xəbər lenti