Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təşəbbüsü, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə keçirilən ümumrespublika Zəfər Forumu davam edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Zəfər Forumunda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak edirdilər.
Azərbaycanın Ermənistanın genişmiqyaslı təxribatlarına cavab olaraq özünün ərazi bütövlüyünün bərpası, işğal olunmuş əzəli tarixi torpaqlarının azad edilməsi uğrunda başladığı İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin ikinci ildönümü ərəfəsində uğurla davam edən forumun əsas məqsədi Zəfərimizin tarixi əhəmiyyətinin ölkəmizdə geniş təbliği, şəhid ailələrinə və müharibə iştirakçılarına, döyüşlərdə sağlamlıqlarını itirən hərbi qulluqçulara göstərilən diqqət və qayğının daha da artırılması üçün onların şəxsən dinlənilməsi ilə təşəbbüs və təkliflərin ümumiləşdirilməsi, bölgələrdə bu sahədə aparılan nümunəvi işin qabaqcıl təcrübəsinin öyrənilərək geniş yayılması, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi, Azərbaycan Ordusuna yüksək mənəvi və iradi keyfiyyətlərə malik gənclərin yetişdirilməsi, Vətənə xidmət peşəsinin – hərbi peşənin sevdirilməsidir.
Zəfər Forumu keçirilən bölgələrdə 2023-cü ildə 100 illik yubileyini dövlət səviyyəsində qeyd edəcəyimiz Ümummilli Lider Heydər Əliyevin abidələri və Şəhidlər xiyabanları ziyarət olunur, forum iştirakçıları bölgənin tarixi, görkəmli şəxsiyyətləri, o cümlədən Ulu Öndərin, Vətən Müharibəsi Qəhrəmanlarının və Milli Qəhrəmanların adları ilə bağlı ünvanlarla tanış olmaq imkanı qazanırlar.
Oktyabrın 7-də Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz
İbrahimov adına Məktəb-Lisey Kompleksində əvvəlcə qəhrəmanın
abidəsi ziyarət olunaraq qarşısına gül dəstələri düzülüb və 8 rayon
nümayəndələrinin iştirak etdiyi ilk Zəfər Forumu öz işinə
başlayıb.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və
Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və
aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə
ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və
respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik
zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa
olunub.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov forum
iştirakçılarını salamlayıb. Bütün xalqımız kimi biləsuvarlıların da
hər zaman Heydər Əliyev ideyalarına sadiq olduqlarından, Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi altında həm ön cəbhədə, həm də arxa cəbhədə
göstərdikləri fədakarlıq və igidliklərdən söhbət açıb. Zəfər
Forumunun Biləsuvardan başlandığını onlara göstərilən böyük etimad
kimi dəyərləndirib və bundan sonra da Vətənə, xalqa, dövlətə sadiq
vətəndaşların yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini
bildirib.
Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev 44 gün
davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi
əhəmiyyətindən danışıb. Bu Qələbənin xalqımızın birliyinin,
həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli Ordumuzun
əsgər və zabitlərinin qəhrəmanlıq və şücaətinin, Ulu Öndər Heydər
Əliyevdən miras azərbaycançılıq məfkurəsinin, Azərbaycan-Türkiyə
qardaşlığının və Prezident İlham Əliyevin sərkərdə məharətinin,
qətiyyətinin, hücum diplomatiyasının və dəmir yumruğunun Qələbəsi
olduğunu qeyd edib.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim
İbrahimov və əfsanəvi döyüşçümüzün adını daşıyan qardaşı oğlu
balaca Mübariz fəxri kürsüyə dəvət edilib. Milli Qəhrəman atası
forum iştirakçılarına səmimi arzularını çatdırıb. Ailələri və bütün
xalqımız üçün üzüntülü anlarda, Azərbaycan Ordusunun Təlim və
Tədris Mərkəzində şəhid gizir Mübariz İbrahimov və baş leytenant
Fərid Əhmədovla keçirilən vida mərasimində Prezident İlham Əliyevlə
görüşünü xatırlayıb. Dövlətimizin başçısının o vaxt dediyi
“Ordumuzda Mübariz kimi, Fərid kimi oğullar minlərlə, on
minlərlədir. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər” sözlərini
yada salıb və böyük qürur hissi ilə deyib: “Mən fəxr edirəm ki,
2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımız hücum əmrini verdi
və Azərbaycan Ordusunda olan Mübariz kimi, Fərid kimi minlərlə, on
minlərlə oğullar müqəddəs savaşlara atılaraq şəhidlərimizin
intiqamını döyüş meydanlarında aldılar. 30 illik Qarabağ həsrətinə
son qoyuldu. Zəfər bayrağımızı işğaldan azad edilən əzəli tarixi
torpaqlarımızda ən uca zirvələrə, ruhumuzun paytaxtı Şuşa şəhərinə
sancdı. Bu gün mənim üçün də ən şərəfli, qürurverici gündür. Fəxr
edirəm ki, Mübarizlər, Fəridlər ölməyib. Onların qəhrəmanlıq
ənənələri yaşayır və inanıram ki, bundan sonra da onların
igidliklərini təkrarlayan neçə-neçə qəhrəman oğullar
yetişəcəkdir”.
Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Cəbrayıl,
Biləsuvar rayonlarından gələn şəhid ailələrinin üzvləri, müharibə
iştirakçıları və aidiyyatı qurumların nümayəndələri çıxış edərək
Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an
hazır olduqlarını bəyan ediblər.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid
zabiti kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev çıxış
edərək şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirən hərbi
qulluqçulara göstərilən dövlət qayğısından danışaraq dövlətimizin
başçısına minnətdarlıqlarını bildirib və forum iştirakçılarına
ölkəmizin daha da qüdrətlənməsində, azad edilən tarixi
torpaqlarımızda yeni quruculuq işlərinin aparılmasında uğurlar
arzulayıb.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul
edilib.
Forum iştirakçıları Əməkdar artist polkovnik-leytenant Cahangir
Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və
Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi
marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.
Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin
“Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı
kitabları hədiyyə edilib.
Forum iştirakçıları xatirə şəkli çəkdirib və Biləsuvar şəhərindən
xoş təəssüratlarla ayrılıblar.
Oktyabrın 18-də Gəncə şəhəri Zəfər Forumu estafetini qəbul edib.
Prezident Aministrasiyasının, Gəncə şəhər İcra Hakmiyyətinin,
Müdafiə Nazirliyinin rəsmiləri, Gəncə, Mingəçevir, Kəlbəcər,
Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Yevlax, Xocalı
rayonlarını təmsil edən nümayəndələri Ulu Öndər Heydər Əliyevin
möhtəşəm abidəsini ziyarət edib, Şəhidlər xiyabanındakı “Əbədi
Məşəl” kompleksi önünə əklil qoyaraq şəhidlərin xatirəsini
ehtiramla yad edib, əbədiyyətə qovuşan igid Vətən övladlarının
ruhuna dualar oxuyublar.
Gəncə Dövlət Flarmoniyasının foyesində təşkil olunan yaradıcılıq
sərgisi ilə tanışlıqdan sonra Zəfər Forumu başlanıb.
2020-ci il noyabrın 8-də Şuşa şəhərində inzibati binanın üzərinə
sancılan və Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında
nümayiş etdirilən möhtəşəm Qələbəmizin rəmzi Zəfər bayrağı hərbi
orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları və alqışlar altında
salona gətirilib.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, dövlət himni ifa olunub.
Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər
Salam İsmayıl və Elxan Abbasov Nizami Gəncəvi, Məhsəti Gəncəvi,
Mirzə Şəfi Vazeh və Cavad Xanın qiyafələrində səhnəyə çıxıb.
Ata-babaların, əcdadların qəhrəmanlıq ənənələrini yaşadaraq düşməni
məğlub edib Zəfər bayrağımızı tarixi torpaqlarımızda yenidən
ucaldan ər oğulları alqışlayaraq, müdrik kəlamları ilə onları
yeni-yeni Zəfərlərə səsləyiblər.
Gəncə şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov Zəfər
Forumunun iştirakçılarına gəncəlilərin salamlarını yetirib. Onlara
bundan sonra da Ümummilli Lider Heydər Əliyevin özü qədər inandığı
və gələcəyinə böyük ümidlər bəslədiyi möhtərəm Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
dövlət müstəqilliyinin əbədiliyi, xalqımızın xoşbəxt, firavan
gələcəyi naminə müvəffəqiyyətlər arzulayıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və
kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Zəfər Forumunun
işində iştirakçılara uğurlar arzulayıb və əmin olduğunu bildirib
ki, Gəncədə keçirilən Zəfər Forumu da Ordu-xalq-dövlət birliyinin
təntənəsinə çevriləcək və hər birimizi bundan sonra da Müzəffər Ali
Baş Komandanın ətrafında daha sıx birləşməyə ruhlandıracaqdır.
100 illik yubileyi yüksək səviyyədə qeyd edilən Gəncə şəhərinin ən yaşlı sakini, İkinci Dünya müharibəsinin iştirakçısı Tofiq Hüseynovun forum iştirakçılarına məsləhətləri və yeni zəfərlərə ruhlandıran xeyir-duası alqışlarla qarşılanıb.
Şəhid anası Rəfiqə Süleymanova (Gəncə), şəhid atası İldırım
Əbdürrəhmanov (Mingəçevir), müharibə iştirakçısı Samir Kərimov
(Yevlax), Vətən Müharibəsi qəhrəmanı şəhid Anar Əliyevin atası
Vaqif Əliyev (Kəlbəcər) və digər rayonların nümayəndələri çıxış
edərək İkinci Qarabağ müharibəsində Qələbənin ikinci ildönümü
ərəfəsində keçirilən Zəfər Forumunda bir daha vurğulayıblar ki, bu
gün ölməz şəhidlərimizin ruhu şaddır. Onların yaxınları üçün, bütün
xalqımız üçün təsəlli odur ki, şəhidlərimiz öz canlarını Vətən
uğrunda qurban verdilər. Təsəllimiz odur ki, torpaqlarımız azad
olundu, ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi eyni zamanda, təsəlli
odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq.
Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci
Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o
cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki
şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz
döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi
bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq.
Əməkdar İncəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və
rejissorluğu, Gəncə Dövlət Flarmoniyasının və Həzi Aslanov adına
Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin
iştirakı ilə təqdim edilən “Zəfər Bayrağına düzlən!” adlı
ədəbi-musiqili-xoreoqrafik kompozisiya Zəfər Forumu
iştirakçılarının böyük marağına səbəb olub.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə
forum iştirakçılarının müraciəti səsləndirildikdən sonra Zəfər
bayrağı fəxri qarovulun müşayiəti, “Qələbə marşı”nın sədaları
altında Ağstafa rayonuna yola salınıb.
Oktyabrın 19-da Ağstafa şəhəri Azərbaycan əsgərinin əfsanəvi
qəhrəmanlıqları, igidlik və şücaəti ilə Şuşaya sancılan Zəfər
bayrağımızı böyük coşqu ilə qarşılayıb.
Prezident Administrasiyasının məsul əməkdaşları, Ağstafa rayon İcra
Hakimiyyətinin və Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə
orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə
iştirakçıları və hərbi qulluqçular Ulu Öndər Heydər Əliyevin
abidəsi önünə qızılgüllər düzərək dahi Liderə ehtiramlarını
bildirib, Şəhidlər abidə-kompleksini ziyarət edərək “Əbədi Məşəl”
qarşısına forum iştirakçıları adından əklil qoyublar.
“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin Mədəniyyət mərkəzinin
qarşısında rəsmi qonaqlar, Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa
rayonlarını təmsil edən nümayəndələr hərbi orkestrin ifa etdiyi
“Zəfər marşı” ilə qarşılanıb.
Foyedə “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə
məktublar ünvanlanıb. Düşmən təxribatlarının qarşısını qətiyyətlə
aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə
dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini
uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini
sevindirəcəkləri günü arzulayıblar.
İkinci Qarabağ müharibəsinin Zəfər bayrağı Azadlıq meydanında
keçirilən Zəfər paradının iştirakçısı olan hərbi qulluqçuların
müşayiəti ilə salona gətirilib. Ulu Öndər Heydər Əliyevin və
şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, dövlət himni
ifa olunub.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8
noyabr 2020-ci ildə Şəhidlər xiyabanından xalqa ünvanladığı tarixi
müraciətdən fraqmentin vizual təqdimatı ilə forum öz işinə
başlayıb. İştirakçılar Müzəffər Ali Baş Komandanın müraciətini
ayaqüstə alqışlarla qarşılayıblar:
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri
işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu
münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün
şuşalıları ürəkdən təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa
indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş
meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində
əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı
Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında
qazandıq, danışıqlar masası arxasında yox...
Bizim zəfər yürüşümüz davam edir...
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim,
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad
etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır
bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya
azərbaycanlıları!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim
həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Polkovnik A.Qurbani forum iştirakçılarına Ağstafa rayonunun
tarixi barədə ətraflı məlumat verib. Bu torpaqda doğulan igidlərin
Vətənin dar günündə bir nəfər olub düşmənə ağır zərbələr
vurduqlarını, qanları, canları bahasına yurd-yuvalarını
qoruduqlarını, Qarabağ müharibəsinin başladığı ilk günlərdən
könüllü olaraq Vətənin müdafiəsinə qalxdıqlarını, düşmənə bir qarış
olsun torpaq vermədiklərini iftixar hissi ilə diqqətə çatdırıb.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk generalı Süleyman bəy
Əfəndiyevin, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin,
Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin, Azərbaycanın Milli
Qəhrəmanları Rafiq Alıcanov, Arif Qədiməliyev, Əjdər Babayev, İlham
Həsənov və Novruz Qurbanovun Ağstafa rayonundan pərvazlandıqları,
Birinci və İkinci Qarabağ müharibəsində təkcə bu rayondan 222
şəhidin olduğu qeyd edilib.
Silahlı Qüvvələrin bütün qoşun növlərində Ağstafadan olan hərbi
qulluqçuların Vətənə sədaqətlə xidmət etdikləri, peşə seçimində
gənclərin hərbi ixtisaslara daha çox meyl göstərdikləri, ordu ilə
rayon sakinlərinin əlaqələrinin yüksək səviyyədə olduğu, müharibə
dövründə ön cəbhədə, eləcə də arxa cəbhədə ağstafalıların
dövlətimizin başçısının ətrafında daha sıx birləşərək Qələbə naminə
fədakarlıqlar göstərdikləri vurğulanıb.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov etimad
göstərilərək növbəti Zəfər Forumunun bu rayonda keçirilməsinə görə
təşkilatçılara minnətdarlığını bildirib və Prezident İlham Əliyevin
rəhbərliyi altında bundan sonra da şəhid ailələrinə, müharibə
iştirakçılarına və xalqımıza böyük Qələbənin sevincini yaşadan
döyüşçülərimizə diqqət və qayğının artırılmasında, rəşadətli
ordumuza mənəvi və maddi dəstək göstərilməsində səylərini
əsgirəməyəcəklərini bildirib.
Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev forum
iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan
möhtəşəm qələbənin tarixi əhəmiyyətindən, rəşadətli Ordumuzun əsgər
və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər
ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini,
torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına
azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi
gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin
qələbəsini təmin etdiyini xüsusilə nəzərə çatdırıb. Azərbaycan
Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mühüm
əhəmiyyəti barədə danışıb. Respublikamızı əhatə edəcək Zəfər
Forumunun Bakı şəhərində uğurla başa çatacağına əminliyini
bildirib.
Forumda çıxış edən Vətən müharibəsi iştirakçıları Xəyyam Əliyev
(Qazax), Vüqar Əhmədov (Tovuz), Nəsib Səmədov (Ağstafa) və Etibar
Əliyev (Gədəbəy) cəbhə xatirələrini bölüşərək dövlətimizin başçısı
İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən
dəstəklədiklərini, Müzəffər Ali Baş Komandanın çağırışlarına hər an
hazır olduqlarını bəyan ediblər.
Müharibə qaziləri fəxri kürsüyə dəvət edilib və onların şərəfinə yazılan “Yol verin, Qazi gəlir!” adlı vətənpərvərlik mahnısı (sözləri A.Qurbaninin, musiqisi A.Zahidindir) Əməkdar artist Cahangir Qurbanovun ifasında təqdim olunub.
2016-cı il Aprel döyüşlərinin şəhidlərindən olan polkovnik Vüqar
Yusifovun atası Nurəddin Yusifov (Şəmkir) oğlunun timsalında bütün
şəhidlərimizin intiqamının döyüş meydanında alındığını, bu möhtəşəm
Qələbənin məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində, Ulu
Öndər Heydər Əliyevlə başlanan müstəqil Azərbaycanın ordu
quruculuğunda həyata keçirdiyi möhtəşəm layihələrin sayəsində
mümkün olduğunu qürur hissi ilə qeyd edib.
Ağstafa rayon Ağsaqallar Şurasının sədri, şəhid atası Hüseyn
Hüseynov çıxış edərək Zəfər Gününü bu il də Qələbə əhval-ruhiyyəsi
ilə qarşıladığını, Birinci Qarabağ müharibəsində övladının şəhid
olmasına baxmayaraq, sazının hələ də susmadığını, müharibə
ərəfəsində, müharibənin gedişində və bu gün də Azərbaycan əsgərini
“Cəngi”, “Misiri” aşıq havaları ilə döyüşlərə, qələbəyə
ruhlandırdığını deyib və “Ruhani” saz havası ilə forum
iştirakçılarına duyğulu anlar yaşadıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar
İncəsənət xadimi Barat Vüsal Şuşada möhtərəm Prezidentimizin
iştirak etdiyi “Vaqif Poeziya Günü” çərçivəsində keçirilən
tədbirləri yada salıb və azad edilən 270 yaşlı Şuşamızda yazdığı
“Zəfərə yol açan igid oğullar” şeirini oxuyub.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevə forum iştirakçılarının müraciəti yekdilliklə qəbul
olunub.
Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin
yaradıcı kollektivinin Azərbaycan Ordusunun Sənədli və Tədris
Filmləri Mərkəzinin hazırladığı videoçarxların müşayiəti ilə təqdim
etdiyi “Zəfər suitası”, hərbi marş və vətənpərvərlik nəğmələri
forum iştirakçılarının qələbə əhval-ruhiyyəsini daha da
artırıb.
Ağstafa şəhərində keçirilən Zəfər Forumunun iştirakçılarını
yüksək səviyyədə qəbul etdiyinə görə “Ağstafa Aqrar Sənaye
Kompleksi” MMC-nin rəhbərliyinə, o cümlədən forumun keçirildiyi
məkanların yüksək səviyyədə bədii tərtibatı üçün Gəncə Qarnizonu
İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinə təşkilatçılar
adından minnətdarlıq edilib.
“Müzəffər Ordumuz” mahnısının ifası və Zəfər bayrağının alqışlar
altında növbəti forum keçirləcək Qusar rayonuna yola salınması ilə
forum başa çatıb.