Bakı. Trend:
Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, yaradıcısı, memarıdır. Ulu öndər əmək fəaliyyətinə təhlükəsizlik orqanlarından başlayıb və 1964-cü ildə o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan üzrə sədr müavini və 1967-ci ildə bu komitənin sədri seçilib. Heydər Əliyev rəhbər vəzifədə çalışanda orda ermənilər və başqa millətlərdən olanlar çoxluq təşkil edirdi, azərbaycanlılar isə az idi. Heydər Əliyev həmin dövrdə layiqli Azərbaycan kadrlarını təhlükəsizlik oqranına işə götürdü və azərbaycanlıların sayını artmağa başladı.
Bunu Trend-ə politoloq, təhlükəsizlik orqanının sabiq əməkdaşı Elşad Həsənov deyib.
O qeyd edib ki, Heydər Əliyev təhlükəsizlik orqanlarına azərbaycançılıq ideologiyasını gətirdi.
“1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra təhlükəsizlik orqanlarından etibar etdiyi adamları rəhbər vəzifələrdə işə götürdü.
1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev təhlükəsizlik orqanlarına daim diqqət yetirmiş, əməliyyat-texniki imkanlarının artırılmasına lazımi maliyyə vəsaiti ayırmış və orqanın inkişafına xüsusi önəm vermişdir”, - deyə o qeyd edib.
E.Həsənov vurğulayıb ki, Heydər Əliyev təhlükəsizlik orqanlarının xüsusi əməliyyatlarına şəxsən nəzarət edirdi çünki Ulu Öndər təhlükəsizlik orqanlarının incəliklərini bilirdi.
“Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də təhlükəsizlik orqanlarına daim diqqət və qayğı göstərib. Təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənəsinə uyğun olaraq xalqa, dövlətə, vətənə ləyaqətlə xidmət edir və təhlükəsizliyin keşiyində dayanmaqdadır. 44 günlük Vətən müharibəsində də təhlükəsizlik orqanları əməkdaşları çox önəmli nəticələr əldə etdilər və biz şadıq ki, təhlükəsizlik orqanlarının 9 əməkdaşı "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub, 4 əməkdaşı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin xatirəsini daim yad edəcək və əziz tutacaq”,- deyə o əlavə edib.