Bakı. Trend:
Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Dövlət başçısı bildirib:
"Xoşbəxtlik hissləri. Mən onlar qədər xoşbəxtəm, yəni, onlardan fərqlənmirəm. Çünki onları orada görmək, gözlərini görmək, onların sevincini görmək, doğurdan da böyük xoşbəxtlikdir, həddindən böyük xoşbəxtlikdir. Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq.
Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Əlbəttə, Ağalı kəndi birinci addım idi. Amma biz bu il bunu, inşallah, daha kütləvi surətdə görəcəyik. Bununla paralel olaraq, Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq.
Əlbəttə ki, təhlükəsizlik məsələləri də ciddi nəzərə alınmalıdır. Çünki əfsuslar olsun ki, 279 azərbaycanlı mina partlayışlarında ya həlak oldu, ya da ki, öz sağlamlığını itirdi. Ona görə oraya qayıdacaq soydaşlarımız çox ehtiyatlı olmalıdırlar, ancaq icazəli yerlərə getməlidirlər. Artıq biz bu il Böyük Qayıdışın sürətli inkişaf mərhələsinə başlayırıq.
Əlbəttə ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Biz azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasını inşa etdik və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Yəni, bu, böyük rəqəmdir və bölgəni indiki şəraitdə tam təmin edir. Bu, ümumi sistemdə olduğu üçün əlbəttə ki, bərpaolunan enerji növlərinin bizim enerji balansımızda payını da artırır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.
Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq. Əkin işləri gedir, çünki müharibədən dərhal sonra göstəriş verildi ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün, yəni, buna yaxınlaşmaq üçün vaxt itirmədən işlərə başlayaq. Təqribən 60 min hektarda taxıl səpini aparılmışdır.
Bağçılıq inkişaf edir, sənaye parkları. Məsələn, Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq investisiya layihələri təsdiqləndi, Cəbrayıl Sənaye Parkında 10 milyonluq. Yəni, bunlar o bölgələr üçün kifayət qədər böyük məbləğdir. Müraciət edənlərin sayı kifayət qədər çoxdur. Mindən çox kiçik sahibkar müraciət edib, bütün müraciətlərə baxılır.
İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı bəlkə 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. Təsəvvür edin, 50 kilometr tunel nə deməkdir. Yəni, çox tələsirəm mən, tələsirəm. Amma, eyni zamanda, özümə deyirəm ki, tələsmək olmaz, hər şey qayda-qanunla olmalıdır, tender olmalıdır, bütün şəhərsalma qaydaları təmin edilməlidir. Ona görə bu Baş planların təsdiqlənməsi, sonra inşaat işlərinin başlanması bir qədər çox çəkir. Əlbəttə ki, bu, məni narahat edir, amma digər tərəfdən biz sıfırdan başlayırıq. Elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Onlar buna layiqdirlər. Digər tərəfdən, dünyaya da göstərək, bax, torpağın sahibləri qayıdıb, bax, viran qoyulmuş torpaqlar görün, gülüstana çevrilib.
Eyni zamanda, mən onu da bir dəfə demişəm, bir daha demək istəyirəm, orada - Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq, o cümlədən idarəetmə mexanizmi. İndi biz yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Həmçinin eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb. Yəni, bu təcrübəni biz sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik.
Böyük suvarma layihələri. Bizi ermənilər suyumuzdan da məhrum etmişdilər. Su ehtiyatlarımızın 25 faiz mənbəyi Kəlbəcər, Laçın, Zəngilandır. Həm o bölgəni su ilə təmin edəcək, o cümlədən içməli su ilə, eyni zamanda, ölkəmizin digər rayonlarına da su borularının çəkilişi nəzərdə tutulur. Yəni, çox genişmiqyaslı planlarımız var və necə deyərlər, Allah nəsib edərsə, onların hamısını icra edəcəyik.
Bu, doğurdan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq".