...

Moskva və Qərbin yeni “Vardanyan oyunu”

Siyasət Materials 16 Fevral 2023 09:16 (UTC +04:00)
Moskva və Qərbin yeni “Vardanyan oyunu”
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Erməni əsilli milyarder Ruben Vardanyan Moskvanın Qarabağla bağlı təlimatlarını yerinə yetirə bilmədiyi üçün bölgəyə geri dönmək istəməyib. Amma Moskva israrla onun Qarabağa qayıtmasını və Kremlin təlimatları əsasında hərəkət etməsini tələb edib. Nəticədə Vardanyan sülhməramlıların tentli avtomobilində yenidən Qarabağa dönüb. Məlumata görə, Vardanyanın Qarabağa məcbur qaytarılması ilə bağlı məsələ Ermənistanın baş naziri Nikol Paşinyanla razılaşdırılıb.

Moskvanın Vardanyana verdiyi təlimatlar

Vardanyan anlayır ki, onun prosesdə iştirak etməsi bölgədə yaşayan ermənilərin sosial-iqtisadi və psixoloji vəziyyətini gərginləşdirir. Çünki o, Qarabağa gəldikdən, həmçinin azərbaycanlı ekoaktivistlər aksiyaya başladıqdan sonra yerli əhalinin vəziyyəti daha da ağırlaşıb. Bu isə Moskvanın bölgə ilə bağlı planlarını pozur. Amma Kreml Vardanyanın Qarabağa qayıtmasını maraqları baxımından məqsədəuyğun hesab edir. Həmçinin Moskva separatçılar arasında siyasi parçalanmanın qarşısını almağa çalışır və özünün Qarabağa təsir gücünü artırmağı hədəfləyir. Bu səbəbdən əsas təlimatlardan biri Vardanyanın separatçı Araik Arutyunyanla dil tapması ilə bağlı ola bilər. Çünki bir müddət əvvəl Arutyunyanla Vardanyan arasında kreslo davasının getdiyi barədə məlumatlar yayılmışdı.

İddia olunurdu ki, Arutyunyan Vardanyanı özünə əsas rəqib bilir və Xankəndidə qalmasını istəmir. Ona görə də Vardanyanın ən qısa müddətdə “dövlət naziri” vəzifəsindən azad olunacağı ehtimal edilirdi. Amma gedişata Rusiya sülhməramlıları müdaxilə etdiyi üçün hələlik Vardanyan-Arutyunyan gərginliyinin səngidiyi bildirilir.

Proseslər göstərir ki, bir müddət sonra ikili arasında siyasi rəqabət, mövqe mübarizəsi yenidən qızışacaq. Bu isə Bakının maraqlarına uyğundur. Bundan başqa, Moskva Qarabağda hərbi-siyasi proseslərlə yanaşı əhalinin sosial-iqtisadi və psixoloji vəziyyətinə də nəzarət etməyə çalışır. Vardanyana verilən təlimatlardan biri də bölgədəki erməni əhalinin sosial-iqtisadi və psixoloji vəziyyətinə diqqət yetirilməsi barədə ola bilər. Çünki azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya Qarabağdakı erməni əhalidə yerli “rəhbərliyə” qarşı ciddi qəzəb, gələcəyə isə ümidsizlik yaradıb. Bu səbəbdən indidən əhalinin Qarabağı tərk etməməsi üçün hər hansı “restavrasiya” planı həyata keçirməyə cəhd göstərirlər.

Məlumdur ki, Vardanyandan əvvəl separatçı Araik Arutunyan Moskvada olub və o da yeni təlimatlarla Qarabağa qayıdıb. Ehtimal etmək olar ki, Araikə də Vardanyanla “mehriban ol” təlimatı verilib. Həmçinin Arutunyan Moskvadan qayıtdıqdan sonra “Konstitusiya dəyişikliyi” ideyası gündəmə gətirilib. Bu prosesin də Moskvanın təlimatı əsasında başladığı ehtimal edilir.

Nikol Paşinyan da Vardanyanla birlikdədir

Vardanyanın Qarabağa dönməsinə Ermənistanın baş naziri Nikol Paşinyanın da razılıq verməsi xüsusilə diqqətçəkən məqamlardandır. Çünki bir çox hallarda Ermənistan mediası iddia edirdi ki, Paşinyan Vardanyanı özünə rəqib bilir. Ona görə də erməni baş nazir də Vardanyanın Qarabağda qalmasını istəmir. Amma proseslər göstərir ki, Vardanyan Rusiyanın adamı olsa da, Qərbdən qidalanan Paşinyan da onun Qarabağa qayıtmasına razılıq verib.

Demək ki, Qərbdəki bəzi dairələr də Vardanyan oyununda maraqlıdır. Görünür, Qərb və Rusiya Vardanyanı Qarabağda maşa kimi istifadə etməyə davam edəcək. Həmçinin Paşinyanın Vardanyanın Qarabağa qayıtmasına müsbət reaksiya verməsi, rəsmi İrəvanın bölgə ilə bağlı iddialarından əl çəkmədiyini göstərir.

Bakının Qarabağdakı proseslərə təsir imkanları

Aydındır ki, nə Rusiyanın, nə Ermənistanın, nədəki, Qərbdəki bəzi dairələrin Vardanyan vasitəsi ilə Qarabağda yeni oyunlar qurması Bakının maraqlarına uyğun deyil.

Bu səbəbdən Moskvanın Vardanyan məsələsində sərgilədiyi mövqe, onun yeni təlimatlara bölgəyə göndərilməsi və məsələnin Paşinyanla razılaşdırılması Qarabağ ətrafında vəziyyəti gərginləşdirə bilər. Çünki Bakı qəti şəkildə bəyan edir ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir və prosesdə hər hansı xarici qüvvənin iştirakını istəmir.

Hadisələrin gedişindən asılı olaraq, Azərbaycanın Qarabağdakı proseslərə təsir imkanları mövcuddur.

Bunlardan biri ekofəalların Laçın yolunda keçirdiyi aksiyadır. Dekabrın 12-də başlayan aksiyanın tələblər yerinə yetirilənə qədər davam edəcəyi bildirilir. Hələ ki, tələblər yerinə yetirilməsə də, aksiyanın Qarabağ ətrafındakı prosesə ciddi təsir göstərdiyini deyə bilərik. Məsələn, aksiya başlayan gündən separatçılar Ermənistandan Qarabağa silah daşıya bilmir. Bunu Bakının Qarabağda baş verən proseslərə birbaşa müdaxiləsi kimi qiymətləndirmək olar.

Bundan başqa, Vardanyan-Arutunyan qarşıdurmasının kökündə də Bakının Qarabağ separatçılarına siyasi və iqtisadi təzyiq taktikası dayanır. Rəsmi Bakı prosesi diqqətlə izləyir və hadisələrin gedişinə uyğun olaraq, daha sərt tədbirlərə start verə bilər. Qarabağla bağlı məsələdə Azərbaycan haqlı mövqedə olduğu üçün Bakının prosesə müdaxilə imkanı çoxdur. Yəni Arutunyan və Vardanyan yeni oyunlarının bədəlini çox ağır şəkildə ödəyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti