Bakı. Trend:
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi Avropa Parlamentinin Aİ-Azərbaycan əlaqələrinə dair 15 mart 2023-cü ildə qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir və şiddətlə qınayır.
Trend xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatında deyilir.
"Qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə və digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlamaqla yanaşı, təəssüf ki, eyni zamanda Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə və bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur. Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməmiş, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilmişdir. Bu isə dərin məyusluq və hiddət doğurur.
Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması
beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı
tam hörmətsizlikdir. Ən əsası isə sənədin bu formada qəbul
olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş
Ermənistan və erməni diasporundan qaynaqlandığının bariz
göstəricisidir.
Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə
qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış
ərazilərinin 20%-nin 30 ilə yaxın davam edən işğalının doğurduğu
ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan
artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan
edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə
münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə
verir. Laçın yolunun bağlanması və "humanitar fəlakət"in baş
verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması
Avropa Parlamentinin deputatlarının nə qədər məsuliyyətsiz və
qərəzli olduğunu göstərir.
Bununla belə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı cənab Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir. Avropalı Komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirə bilmişdir. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, Aİ-nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır", - bəyanatda qeyd edilir.