...

“Demokratiya sammiti”, yoxsa ikili standartların aşkar nümunəsi? - ŞƏRH

Siyasət Materials 29 Mart 2023 11:23 (UTC +04:00)
“Demokratiya sammiti”, yoxsa ikili standartların aşkar nümunəsi? - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

28-30 mart tarixlərində ABŞ-da “Demokratiya sammiti” keçirilir. Bu "sammit"ə dəvət alan və almayan ölkələrin siyahısına nəzər saldıqda bəlli olur ki, siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından, ikili standartlar əsasında tərtib olunub. Azərbaycan yenə də sammitə dəvət almayıb, Ermənistan isə alır, Gürcüstandan baş nazir yox, prezident dəvət edilir. Bu, Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Afət Həsənova bildirib ki, sammitə dəvət alanların hansı kriteriya ilə seçildiyi ciddi suallar doğurur və ikili standartların növbəti nümunəsi kimi ortaya çıxır.

Deputat vurğulayıb ki, insan haqlarının və demokratiyanın ən çox pozulduğu ölkələrin əksəriyyəti ABŞ tərəfindən bu “Demokratiya sammiti”nə dəvət olunub.

“Elə Ermənistanın özündə demokratiyadan, insan haqlarının qorunmasından söhbət açmaq mümkün deyil. Ermənistanda insan haqlarının kobud şəkildə pozulması və bu halların getdikcə daha da artması hər kəsə yaxşı məlumdur. Ermənistanda insan haqlarının pozulması, siyasi rəqiblərə qarşı şiddət, həbs, təqib kimi hallar getdikcə artmaqdadır. Beynəlxalq hesabatlarda da Ermənistanda insan haqları sahəsində olan vəziyyətin nə dərəcədə gərgin olduğu aydın görünür. Bir neçə fakta nəzər yetirmək Ermənistanda demokratiya və insan haqları ilə bağlı real mənzərəni ortaya qoyur.

Elə ABŞ Dövlət Departamentinin Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq, pis həbsxana şəraiti, əsassız həbslər və söz azadlığının məhdudlaşdırılması kimi hallar öz əksini tapıb.

Bundan əlavə 2022-ci ildə Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluqda yer alıb. Belə ki, ötən il ərzində Ermənistandan AİHM-ə edilən müraciətlərin sayı 1250 təşkil edib ki, bu da ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. Eyni zamanda 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub. Müraciətlərin sayında artımın olması da ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olmasını bir daha sübut edir.

Belə olan halda Ermənistan hansı kriteria əsasında “Demokratiya sammiti”nə dəvət alır?!”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, “Demokratiya sammiti” bir daha ikili standartlar vasitəsilə ölkələrə təsir etmək cəhdlərini göstərir.

Deputat Vüqar İskəndərov isə Trend-ə açıqlamasında deyib ki, ABŞ-nin “Demokratiya sammiti”nə dəvət etdiyi ölkələr arasında Azərbaycanın yer almaması, bunun əvəzində Ermənistana dəvət göndərilməsi növbəti ikili standartların nəticəsidir. Sammit rəhbərliyinin ermənipərəst mövqeyi bu dəfə də özünü göstərdi.

O qeyd edib ki, ABŞ-nin Cənubi Qafqazda ayrı-seçkilik etməsi regionda müəyyən qarışıqlıq yaratmaqdan başqa bir şey deyil.

“Çünki Cənubi Qafqazın 3 dövlətindən Azərbaycan dəvət almır, Ermənistan alır, Gürcüstandan isə baş nazir yox, prezident dəvət edilir. Bu, Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir. Əlbəttə ABŞ kimi super güc dövlətlərin həmişə parçalama, bölücü siyasəti Cənubi Qafqazda da özünü göstərir. Bu regiona bu cür yanaşma həmçinin dini ayrıseçkiliyin də nəticəsidir”, - deyə deputat qeyd edib.

O bildirib ki, ABŞ-ın Ermənistanı demokratik ölkə hesab etməsi olduqca gülünc mənzərədir.

“Maraqlıdır, Ermənistan hansı əsasla demokratik ölkə hesab edilir? Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı ötən həftə açıqladığı faktlar da bunun əyani sübutudur. Təkcə onu göstərmək kifayətdir ki, 2022-ci ilin aprel-iyul aylarında Ermənistanda keçirilən etiraz aksiyaları qəddarlıqla dağıdılıb, ümumilikdə 2100-dən çox etirazçı saxlanılıb. Həmçinin siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub.

Bu baxımdan “Demokratiya Sammiti”nin özünə də bir demokratik baxış lazımdır. Çünki bu cür yanaşma ilə “Demokratiya samiti”nin təşkilinin özü də ikili standart toplusudur. Qardaş Türkiyənin də sammitə dəvət almaması fikirlərdə növbəti suallar yaradır. Seçki prosesi öncəsi ABŞ-ın belə bir addımı görünür düşünülmüş və iqtidara zərbə məqsədi ilə atılmış addımdır. Son illərdə dünyada beynəlxalq norma prinsiplərin pozulması, bu cür təşkilatların da funksionallığını aşağı salıb. Çünki artıq dünyada ədalətli mövqe deyə bir mövqe demək olar qalmayıb”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti