Bakı. Trend:
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) halların dairəsi genişləndirilir.
Trend-in məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, qeyd olunan hallar sırasına aşağıdakı hallar da daxil
edilir:
- ölkə iqtisadiyyatına qoyduğu investisiya məbləğinin cəmi azı
500.000 manat olduqda
- nominal dəyəri azı 100.000 manat olan dövlət qiymətli kağızlarına
və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi
dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli
kağızlarına malik olduqda
- Azərbaycan Respubli-kasında təsis edilmiş, ödənilmiş nizamnamə
kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş
miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri
xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri
vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının
(səhmlərinin) azı 51 faizinə sahib olduqda
Həmçinin dəyişikliyə əsasən, dövlət qiymətli kağızlarına və ya
paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan
hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla,
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə
almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin
siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya
qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının
ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin
qiymətli kağızlar özgəninkiləşdirildikdə Milli Depozit Mərkəzi bu
barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində
məlumat təqdim edir.
Bu Məcəllənin 45.1.6-1-ci maddəsində nəzərdə tutulan nizamnamə kapitalı ilə bağlı, həmçinin bu Qeydin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.