...

Qaz şantajı cəhdi: Avropalı "müşahidəçilər" yeni, çirkli oyuna başladılar

Siyasət Analytics 11 Aprel 2023 14:29 (UTC +04:00)
Qaz şantajı cəhdi: Avropalı "müşahidəçilər" yeni, çirkli oyuna başladılar
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Ermənistana yolladığı müşahidəçi missiyasını Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmək istəyirlər. Məqsəd Bakını "qaz şantajı"na məruz qoymaq və Azərbaycan qarşısında şərtlər qoymaqdır.

"Ermənistanla Azərbaycan arasındakı sərhəddə keçirdiyimiz monitorinqlərin və patrul nəzarətinin nəticələrinin sürəkli əks olunduğu hesabatları Bakıya da yollayırıq. Ermənistanda missiyamızla bağlı qərar qəbul ediləndə Bakı ilə münasibətlərin başqa ssenarisinə ümid edirdik. İndisə hesabatları Bakıya da yollayırıq, çünki problemlər olmasını istəmirik".

ABŞ-ın "Politico" qəzetində dərc olunmuş "Avropa İttifaqının Azərbaycandan yanacaqdoldurma stansiyası kimi istifadə etmək arzuları puç ola bilər" məqaləsi siyasi propaqandanın və mediativ təzyiq formatından istifadənin ən bəsit nümunələrindən biri kimi yadda qala bilər.

Müəllifi Qabriel Qevin olan məqalə Avropa İttifaqının Ermənistana yolladığı müşahidə missiyasının (EUMM) fəaliyyətinə və ən başlıcası, bu fəaliyyətin "perspektiv"lərinə həsr olunub.

Müəllif Aİ-nin diplomatik strukturlarındakı yüksəkçinli mənbəyə istinadən bildirir ki, sən demə, Azərbaycanla münasibətlərdə problemlərin yaranmasını istəməyən Brüssel Ermənistana yolladığı EUMM missiyasının rəhbərliyinə hazırlanan hesabatların bir nüsxəsinin sürəkli olaraq Bakıya göndərilməsini tapşırıbmış.

Yəni oxucuda belə rəy formalaşdırılır ki, Avropa İttifaqının Ermənistana "müşahidə missiyası" adlı 102 nəfərlik qrup göndərməkdə məqsədi sadəcə, Ermənistanla Azərbaycan arasındak şərti dövlət sərhədindək gərginliyin qarşısını almaq, atışmalara yol verməmək və s.-dir.

Bununla yanaşı, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi odiz və subyektiv qətnamələrdən biri xatırladılaraq vurğulanır ki, Azərbaycandan Aİ ölkələrinə təbii qaz ixracının həcminin iki dəfə artırılması ilə bağlı anlaşma "demokratiya və isan haqları prinsiplərinə zidd olay" sayıla bilər.

Daha konkret olsaq, Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətinin nüansları ilə Avropa Parlamentinin sözügedən qətnaməsi simbioz halına gətirilərək Azərbaycanın "mavi yanacağının" Aİ ölkələrinə ixracının artırılması anlaşmasının ləğvinə səbəb ola biləcəyinə eyham vurulur.

Halbuki Bakı və Brüssel arasında imzalanan, Aİ ölkələrinə Azərbaycanın ixrac etdiyi təbii qazın həcminin 2027-ci ildə iki dəfə artırmaqla bağlı ötən ilin iyulunda imzalanmış anlaşma Azərbaycanın yox, məhz Avropa İttifaqının təşəbbüsü və istəyi idi.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində təbii qaz təminatında ciddi problemlərlə üzləşmiş Aİ üçün ölkəmiz etibarlı tərəfdaş, stabil təminatçı olmaqla yanaşı, Bakı Brüssellə əlaqələrini "vassal-süzeren" müstəvisində yox, bərabərhüquqlu və üfüqi formatda qurub.

Aİ-nin bu ilin fevralında Ermənistanda fəaliyyətə başlamış EUMM missiyasına gəldikdə isə, "müşahidəçi" statusu ilə İrəvana göndərilmiş şəxslər arasında sabiq polis zabitləri, təhlükəsizlik ekspertləri və kəşfiyyatçıların olması barədə məlumatları da ilk olaraq məhz Aİ ölkələrinin mediası yaymışdı.

Bütün bunlara rəğmən, Aİ-nin Ermənistandakı missiyasından Azərbayana qarşı siyasi şantaj vasitəsi kimi istifadə olunması cəhdləri aşkardır.

Məsələn, missiyanın rəhbəri Markus Ritter "Deutsche Welle"yə müsahibəsində "Ermənistanda insanların çoxu Azərbaycanın baharda hücuma başlayacağını düşünür. Əgər bu baş verməsə, deməli, missiyamız baş tutub" deyib. M.Ritterin açıqlaması Aİ nümayəndəsinin səlahiyyət və məsuliyyət dairəsindən çox kənarda olan provokativ bəyanatdır.

Alman "müşahidəçi" sözügedən açıqlaması ilə yalnız feyk məlumat yaymayıb: o, həm də EUMM-un Ermənistandakı müəmmalı fəaliyyətini legitimləşdirərək çoxsaylı suallar doğuran "monitorinq"lərə haqq qazandırır, eyni zamanda rəsmi Bakıya messic ünvanlayaraq missiyanın fəaliyyəti ilə bağlı "əlavə anlaşmanın zəruri" olduğunu vurğulayır.

M.Ritter bu missiyanın daha bir kontingentinin şərti dövlət sərhədinin bu tərəfində, Azərbaycan ərazisində çalışmasının gərəkli olduğunu Azərbaycanın nəzərinə çatdırmağa can atıb.

EUMM-un Ermənistan ərazisində kəşfiyyatla məşğul olması, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının zabitlərini izləməsi və onları şantaj etməyə çalışması ilə bağlı iddialar səngimir.

Bundan başqa, Ermənistanla şərti dövlət sərhədimizin yaxınlığında EUMM-un mövcudluğu bölgədə gərginlik səviyyəsini azaltmaq əvəzinə, daha da artırır.

Missiyanın yaradılması, təşkil edilməsi və göndərilməsi ilə bağlı qərarın özü ciddi suallar doğurur. Belə ki, Avropa İttifaqı sözügedən missiyanı Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədində gərginliyin azaldılması məqsədilə yaratdığını bəyan etdiyindən, mütləq şəkildə Avropa Parlamentində və ATƏT-də səsvermə olmalı və prosedur qaydalarına uyğun olaraq, konsensusla qərar qəbul edilməliydi.

Belə proses olmayıb və üstəlik, missiya ilə bağlı qərar qəbul edilərkən Azərbaycanın mövqeyi nəzərə alınmayıb.

Eyni zamanda, EUMM Azərbaycan Ordusunun sərhəd postlarından cəmi bir neçə yüz metr aralıda, militarlaşma səviyyəsi çox yüksək ərazidə yerləşir.

Həmin ərazidə erməni hərbçilərdən savayı, rusiyalı sərhədçilər, erməni sərhədçilər, Rusiyanın Ermənistandakı hərbi bazasının nümayəndələri, Ermənistan Müdafiə və Daxili İşlər nazirliklərinin mənsubları var. Sərhədin Ermənistan-İran sərhədinə yaxın bölgəsində isə üstəlik, iranlı sərhədçilər və iranlı hərbçilər də var.

Bütün bunlara Aİ-nin kağız üzərində "silahsız, mülki missiyası"nın da əlavə edilməsi aksoimatik şəkildə bölgədə gərginlik səviyyəsini potensial olaraq artırır.

EUMM missiyası bölgəyə monitorinq və müşahidə üçün, yəni konstruktiv fəaliyyət hədəfi ilə yox, sırf geosiyasi məqsədlərlə, Avropa İttifaqının merkantil niyyətlərindən birini reallaşdırmaq üçün göndərilib və Brüsselin regionda mövcudluğunu gücləndirməyə xidmət edir.

Niyyəti şübhəli, fəaliyyəti müəmmalı missiyanın sadalanan amillərlə yanaşı, Azərbaycana qarşı təbii qaz icracı ilə bağlı şantaj aləti qismində istifadə cəhdləri isə ciddi fəsadlar yarada bilər.

Bakı üçün yox, Brüssel üçün...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti