...

İdman federasiyaları Ermənistan ərazisində tədbir keçirməkdən imtina etməlidir - Lev Spivak

Siyasət Materials 18 Aprel 2023 10:07 (UTC +04:00)
İdman federasiyaları Ermənistan ərazisində tədbir keçirməkdən imtina etməlidir - Lev Spivak
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İdman federasiyaları Ermənistan ərazisində tədbir keçirməkdən qaçınmalıdır.

Bu barədə Trend-ə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİs) prezidenti Lev Spivak Ermənistanda ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının nümayişkaranə şəkildə yandırılmasını şərh edərkən deyib.

"Bayrağın yandırılması həmin ölkənin xalqını, hökumətini təhqir etmək deməkdir. Bir ölkədə bu cür insident baş veribsə, o hətta dost ölkə olmasa belə, ən azından öz üzrxahlığını bildirməlidir. İdman federasiyaları heç olmasa bir müddət, bu ölkə tədbirlərdə iştirak edən idmançıların, insanların təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu sübut edənədək Ermənistan ərazisində tədbir keçirməkdən imtina etməlidir", - o deyib.

L.Spivakın qeyd etdiyinə görə, Olimpiya Hərəkatı yarandığı vaxtdan bütün idman yarışları sülhün olmasa da, heç olmasa barışığın əlaməti, barışıq üçün bəhanə olaraq qəbul edilib.

"Azərbaycana da erməni idmançılar gəliblər, İsrail idmançıları isə BƏƏ idmançıları ilə yarışıblar, hətta münasibətlərimizin ən pis olduğu vaxtda belə idman bütün bunlardan yüksəkdə dayanıb. Ermənistanda baş verənlər yaradılmış qeyri-sağlam atmosfer zəminində partlamış daha bir irindir. Mənim üçün bu anlaşılmaz və vəhşicəsinədir. Hansısa xalqa qarşı necə bu cür yanaşmaq olar? Hətta şəxsi ədavətin varsa, bunu bütün xalqa şamil etmək olmaz. Hətta illərlə düşmən azərbaycanlı obrazını təlqin edən və formalaşdıran erməni propaqandasının yetirməsi olsan belə, bir damcı mədəniyyətin qalmalıdır", - o deyib.

L.Spivak vurğulayıb ki, hazırkı qeyri-sabit dünyada istənilən siyasi tədbirlərdə, böyük konsertlərdə, idman yarışlarında, çoxlu sayda insanların toplandığı yerlərdə təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməlidir.

"Ermənistanda baş verənlər təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar böyük problemlərin olduğundan xəbər verir", - deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.

Bundan sonra azərbaycanlı idmançıların yarışdan imtina edərək, ölkəyə qayıtması barədə qərar verilib.

Baş Prokurorluqda Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti