Bakı. Trend:
26 iyun 2023-cü il tarixində Qəbələ şəhərində Fövqəladə Hallar
Nazirliyi tərəfindən təşkil olunan ümummilli lider Heydər Əliyevin
anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc xilasedici”
Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən”
Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, Elm və Təhsil, Gənclər və İdman
nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Türkiyə,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar
da iştirak edir.
Tədbir iştirakçıları, əvvəlcə Bakı şəhərində Fəxri xiyabana
gələrək xalqımızın ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər
xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının
məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi
önünə əklil qoyulub.
İyunun 26-da Qəbələ şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş
“Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və
yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin
açılış mərasimi keçirilib.
Mərasimə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana
gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start
verilib.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini
general-leytenant Etibar Mirzəyev yeniyetmə və gənclərin milli
vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda yetişməsi
məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman
xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. Yetişməkdə olan gənc
nəslin müasir elmi biliklərə yiyələnməsi, yüksək mənəvi-əxlaqi
dəyərlərə sahib olması, təlim-tərbiyəsi daim Ulu Öndərin diqqətində
olub. Məhz ümummilli liderin müdrik uzaqgörənliklə işləyib
hazırladığı mütərəqqi dövlət gənclər siyasəti bu istiqamətdə
sistemli və məqsədyönlü fəaliyyətin əsasını təşkil edir. Təsadüfi
deyil ki, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev
tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün
ölkəmizdə vətənpərvər, dövlətinə və xalqına bağlı, yüksək bilik və
mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəsil formalaşıb. 44 günlük
Vətən müharibəsində düşmən üzərində qazandığımız şanlı Zəfər bunun
əyani sübutudur. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən yeniyetmə
və gənclərlə aparılan iş, uğurla reallaşdırılan böyük layihələr
xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Nazir müavini bu ilin fevral ayında qardaş Türkiyə Respublikasında
baş vermiş zəlzələni xatırladaraq, orada aparılan birgə
axtarış-xilasetmə işlərinə toxunub. Fövqəladə Hallar Nazirliyi
tərəfindən Qəbələdə təşkil olunan “Gənc xilasedici” beynəlxalq
yarışının gənclərdə fövqəladə hallarla mübarizə sahəsində əməli
vərdişlərin formalaşması ilə yanaşı, bu istiqamətdə beynəlxalq
əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd
edib.
Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin
keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə
sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə
beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir
iştirakçılarına uğurlar arzulayıb.
Tədbirin Təşkilat komitəsi rəhbərinin müavini polkovnik Məhbubə
Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün
komandalara müvəffəqiyyətlər arzulayıb.
Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş
tutub.
Qeyd edək ki, “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici
və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində
məqsəd ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı
misilsiz xidmətlərinin yeniyetmə və gənclər arasında təbliğ
edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara
hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam
həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə
məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun
aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon
(şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil
olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika
final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika
birinciliyinin final mərhələsində 16 rayon və şəhərin komandaları
birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın
müxtəlif bölgələrindən olan 21 nəfər şəhid övladı builki yarışa
dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması
üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.
“Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq
yarışında isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Pakistandan olan komandalar qüvvələrini
sınayacaqlar.
Yarışlar iyulun 2-nə kimi davam edəcək.