...

Azərbaycan milliyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının təhlükəsizliyinə eyni dərəcədə önəm verir - Azər Qarayev

Siyasət Materials 26 Sentyabr 2023 20:30 (UTC +04:00)
Azərbaycan milliyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının təhlükəsizliyinə eyni dərəcədə önəm verir - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə yanacaqdoldurma stansiyasında baş vermiş partlayışdan dərhal sonra Azərbaycanın əraziyə yardım göndərməsi sərgilədiyimiz humanist yanaşmanın göstəricisidir.

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Xankəndidə yaşayan dinc sakinlər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bunu açıq şəkildə bəyan edib.

"Hadisə baş verdikdən dərhal sonra Xankəndidə yanacaqdoldurma stansiyasındakı partlayışda yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərildi. Azərbaycan dövləti milliyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının təhlükəsizliyinə, sağlamlığına eyni dərəcədə önəm verir və ölkəmiz növbəti dəfə bunu əyani şəkildə isbatladı.

Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qondarma rejim ağ bayraq qaldıraraq təslim oldu. Artıq Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası prosesinə də start verilib", - deyə A.Qarayev əlavə edib.

Polkovnik vurğulayıb ki, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən Yevlax görüşündən sonra Azərbaycan mərkəzi hakimiyyəti Xankəndidə yaşayan sakinlər üçün yardımlar göndərdi. Onların zəruri ehtiyacları xüsusi diqqətdə saxlanılır.

"Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu ilə 30 ton benzin, 34 ton dizel yola salınıb, yardımlar bu gün də davam etdirilir.

Azərbaycan kimliyindən asılı olmayaraq, vətəndaşları arasında heç bir fərq qoymur. Qarabağın erməni sakinləri də bunu anlamalıdırlar və Azərbaycan vətəndaşlığını qəbul etməklə rifah içərisində yaşaya bilərlər.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülərdən də Azərbaycan hərbçisinin, polisinin humanist yanaşmasını görürük. Onlar Qarabağın erməni sakinlərinə zəruri bütün yardımları göstərirlər. Azərbaycanlılar hər zaman öz humanizmi ilə seçilib, biz bu gün də bunun şahidi oluruq", - deyə A.Qarayev qeyd edib.

Xankəndidə yanacaqdoldurma stansiyasında baş vermiş partlayışın səbəblərinə də toxunan polkovnik qeyd edib ki, partlayışın səbəbləri araşdırılmalıdır.

"Oradakı vəziyyəti nəzərə alsaq, ehtimal etmək olar ki, bu, zəruri təhlükəsizlik qaydalarına əməl edilmədiyinə görə baş verib. Təbii ki, bunu müvafiq araşdırma aparıldıqdan sonra müəyyənləşdirmək mümkün ola bilər. Ona görə də araşdırma nəticələrini qabaqlayıb, məlumat əldə etmədən kimisə ittiham etmək düzgün yanaşma deyil".

Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Xəbər lenti

Xəbər lenti