Bakı. Trend:
“İki dövlət, bir millət” şüarı ilə birlikdə hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətimizi davam etdirdiyimiz azərbaycanlı qardaşlarımızı haqlı işlərində dəstəkləməyə davam edirik.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Biz Qarabağdakı lokal antiterror tədbirlərindən sonra bölgədəki son vəziyyəti diqqətlə izləyirik və bir daha bildiririk ki, Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olması səylərini dəstəkləyirik.
Qəhrəman Azərbaycan ordusunun 30 ildir işğal altında olan torpaqlarını xilas etmək üçün başlatdığı, 44 gün davam edən Vətən Müharibəsinin üçüncü ildönümü və 27 Sentyabr - Anım Günü münasibəti ilə Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi yad edirik", - deyə qeyd edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.