...

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir - Hikmət Hacıyev

Siyasət Materials 29 Sentyabr 2023 10:42 (UTC +04:00)
Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir - Hikmət Hacıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmasını istəyir:

"Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur.

Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”.

H.Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın əsassız bəyanatını şərh edərkən “etnik təmizləmə” ifadəsindən yararlanmasını da təhqir adlandırıb:

“Təəssüf ki, dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib:

“Lakin insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edəcək və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti