...

TDT getdikcə öz fəaliyyətini daha çox təkmilləşdirir - Şavkat Mirziyoyev

Siyasət Materials 3 Noyabr 2023 10:18 (UTC +04:00)
TDT getdikcə öz fəaliyyətini daha çox təkmilləşdirir - Şavkat Mirziyoyev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) getdikcə öz fəaliyyətini daha çox təkmilləşdirir.

Trend cümə günü xəbər verir ki, bunu Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

"Türk Dövlətlərinin Ticarət Əməkdaşlığı üzrə Tədqiqat Mərkəzinin yaradılması üzrə praktik fəaliyyəti bütünlüklə dəstəkləyirik. Mərkəzin səmərəli fəaliyyət göstərməsi üçün gələcəkdə ticarətdə maneələrin aradan qaldırılması, yeni mexanizmlərin tətbiqi, ixrac və idxalın artırılması, eləcə də, elektron ticarət platformalarının inkişafı üzrə tədbirlər görməliyik.

Qlobal logistika zəncirlərinin və nəqliyyat dəhlizlərinin diversifikasiyası, vahid tranzit şəbəkəsinin formalaşması məsələsi aktual əhəmiyyət kəsb edir. Yük daşımalarına artan tələbatı qarşılamaq məqsədilə Orta Dəhlizin potensialının genişləndirilməsini dəstəkləyirik. Həmçinin, ölkələrimiz ərazisindən keçərək Çin, Cənubi Asiya və Avropa bazarlarına çıxan çoxsahəli dəhlizlərin genişləndirilməsini və nəqliyyat xidmətlərinin rəqəmsallaşmasını dəstəkləyirik", - o deyib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti