Bakı. Trend:
2020-ci ildə Vətən Müharibəsindən sonra xalqımızın torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, artıq 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılmış, eyni zamanda, viran qoyulmuş Qarabağ və Şərgi Zəngəzur bölgələrində yerləşən rayonların bərpa, yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı.
Bunu Trend-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O bildirib ki, keçdiyimiz dörd ilə yaxın müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir.
"Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Cənab Prezident söz verdiyi kimi, doğma Qarabağımızın cənnətə çevrilməsi istiqamətində çox böyük əməli işlər görür.
“Azərbaycan xalqı artıq böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Keçdiyimiz günlərdə, 10-11 may 2024-cü il tarixlərində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti səfərləri bu torpaqlarda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin, Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında ortaya qoyduğu qətiyyətinin göstəricisidir.
Səfər çərçivəsində inşası davam edən yeni infrastruktur layihələri ilə tanışlıq, xüsusilə Şuşa şəhərinin abadlaşdırılmasının sürətlə davam etdirilməsi, artıq 32 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərlərinə qayıdışı Qarabağımızın nəinki Azərbaycanın, eyni zamanda dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi istiqamətində atılmış növbəti addım idi.
Əyilməz ruhumuzun rəmzi olan Şuşa şəhəri öz şərəfli inkişaf dövrünü yaşamaqdadır. Bu inkişaf Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları ilə yanaşı, bütövlükdə Azərbaycanın davamlı inkişafının təmin olunmasına, Cənubi Qafqazda sülhün əbədi olaraq qalmasına öz faydasını verəcəkdir”, - deyə deputat əlavə edib.
Deputat əlavə edib ki, bu gün heç bir qüvvə yumruq kimi birləşən Azərbaycan xalqının qarşısında dura bilməz. “Azərbaycanın formalaşmaqda olan yeni nəsli Prezident İlham Əliyev və Azərbaycanın qəhrəman övladlarının ərazi bütövlüyü, suverenliyimizin bərpası uğrunda gördüyü işləri daim qoruyacaq, Şuşanı həm ölkəmizin, həm də İslam dünyasının mədəniyyət paytaxtı olaraq bütün xalqların sülh məkanına, burada keçiriləcək daha böyük qlobal tədbirlərlə isə hər bir insanın qürur və sevinc mənbəyinə çevirəcəkdir”, - deyə deputat əlavə edib.