Bakı. Trend:
Şuşa çox böyük əhəmiyyətə malikdir. Şuşaya səfərimiz zamanı gördük ki, Qarabağ inkişaf edir.
Trend-in məlumatına görə, bunu Qazaxıstan Parlamentinin sədri Yerlan Koşanov TÜRK PA-nın Bakıda keçirilən 13-cü Plenar iclasında çıxışı zaman deyib.
O qeyd edib ki, bu günki iclasın mövzusu olan “Türk dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyə nail olunmasında parlamentlərin rolu” böyük əhəmiyyət daşıyır.
“Biz bütün dünyada geniş çağırışlarla üzləşirik. İqlim dəyişiklikləri böyük fəlakətlərə gətirib çıxarıb. Biz bir araya gəlməliyik. Ayrı-ayrı ölkələr bu problemin öhdəsindən gələ bilməz, biz birgə mübarizə aparmalıyıq. Hesab edirəm ki, biz bir bəyannamə imzalamalıyıq. Atmosferə tullantıları azaltmalıyıq, iqlim dəyişikliyinə qarşı birgə mübarizə aparmalıyıq”, - deyə o qeyd edib.
O əlavə edib ki, Qazaxıstan COP29-u keçirməkdə Azərbaycanı dəstəkləmək niyyətindədir. “Biz bu tədbiri dəstəkləməliyik. Bizim “Yaşıl Qazaxıstan” layihəmiz var, meşə örtüyünü, biomüxtəlifliyi qoruyuruq, bərpa olunan enerjidən istifadə edirik”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclası keçirilir. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikasının Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası (ŞKTR) Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assemblyası sədrinin müavini Marta Matrai, müşahidəçi təşkilatların, türk əməkdaşlıq təşkilatlarının nümayəndələri iştirak edir.