Bakı. Trend:
Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya
mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya
manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq
edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz
haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı
sayıqlığımızı daha da artırmalıyıq.
Trend xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin
İcraçı Direktoru Əhməd İsmayılov Bərabər seçkiqabağı təşviqat
imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə
fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı
deyib.
O qeyd edib ki, ictimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq.
“Medianın İnkişafı Agentliyi qərəzli və sistemli şəkildə
ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin vaxtında, operativ qayda da
aşkarlanıb ifşa olunması üçün digər müvafiq dövlət qurumları ilə
sistemli iş aparmaqdadır. Bu qəbildən olan təhdidlərin təsir
dairəsinin azaldılmasında Azərbaycanın ciddi media subyektlərinin
çevik dəstəyi həmişə vacibdir.
Xüsusi vurğulamaq istərdik ki, informasiya texnologiyalarının
verdiyi imkanlardan yararlanaraq media etikasının tələblərini
müntəzəm qaydada pozan, dəqiqləşdirilməmiş, qərəzli məlumatlar
yayan dairələr ölkəmizin media ictimaiyyəti tərəfindən daim
qınanılmış və informasiya mühitinin sağlamlaşdırılması, informasiya
təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin fəaliyyət
strategiyasına dəstək nümayiş etdirilib”,- deyə Ə.İsmayılov
bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.