...

Biz tariximizi mədəniyyət, incəsənət və elm vasitəsilə dünyaya çatdırmalıyıq - Arif Hüseynov "Tofiq Abbasovla Dialoq" verlişində (FOTO/VİDEO)

Siyasət Materials 25 Fevral 2025 09:55 (UTC +04:00)
Biz tariximizi mədəniyyət, incəsənət və elm vasitəsilə dünyaya çatdırmalıyıq - Arif Hüseynov "Tofiq Abbasovla Dialoq" verlişində (FOTO/VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Baku Network ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik proqramının növbəti buraxılışı yayımlanıb. Verlişin bu səfərki qonağı Azərbaycanın xalq rəssamı Arif Hüseynov olub.

Trend xəbər verir ki, söhbət zamanı görkəmli qrafika ustası həyat təəsüratları, yaradıcılıq yolu və Azərbaycanın tarixi və milli mübarizəsinin qavranılmasında incəsənətin oynadığı vacib roldan danışıb.

Arif Hüseynov Bakıda doğulub və məşhur Sovetski küçəsində boya-başa çatıb. O insanların böyük bir ailə kimi yaşadığı Bakı həyatı ilə bağlı isti xatirələrini bölüşüb, uşaqlıq illərindən olan maraqlı epizodları danışıb, müharibə və müharibədən sonrakı illərin ona əsas şeyi - həmrəylik ruhunu aşıladığını vurğulayıb.

“Bizim rayonda təcrid olunmuş vəziyyətdə yaşamaq qeyri-mümkün idi - Bakıda qar yağanda, dostlarım yollarda ocaq qalayırdılar. Məni kartof almağa göndərəndə, əlbəttə ki, aldığım kartofun bir neçəsini dostlarıma verirdim. Bu başqa cür ola da bilməzdi”,- deyə məşhur rəssam xatırlayır.

Uşaqlıqla, sadə sevinclərlə bağlı bu təvazökar xatirələr, onun insani dəyərləri maddi dəyərlərdən üstün tutan dünya görüşünün təməlini formalaşdırıb.

Söhbətdə ən önəmli məqamlardan biri Qarabağ məsələsi olub – o Qarabağ ki, təkcə xalq rəssamının həyatında yox, həm də yaradıcılığında mühüm mövzu olub.

“Mənim cavanlığım Qarabağın qaytarılması uğrunda mübarizə atmosferində keçib. Bu tarixi Azərbaycan torpağıdır. Qərbi azərbaycanlılar da öz yurdlarına qayıtmaq istəyirlər və bu onların ayrılmaz hüququdur”, -deyə rəssam bildirib.

A.Hüseynov incəsənət adamlarının həmişə tarixi proseslərdə önəmli rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, incəsənət – təkcə gerçək həyatın təzahürü deyil, həm də siyasi və mədəni mübarizənin bir alətidir.

“Hətta adi peyzaj belə siyasi əhəmiyyət daşıya bilər, iki Qarabağ müharibəsi görmüş bizim nəsil üçün isə bu bizim düşüncənin bir parçasına çevrilib”, - deyə Hüseynov bildirib.

2013-cü ildən bəri Arif Hüseynov özünü “Qarabağnamə” adlı möhtəşəm silsilənin yardılmasına ithaf edib. Silsilə çərçivəsində o sürgün və soyqırımla bağlı rəsmlər, tarixi süjetlər, memarlıq abidələri toplayıb.

“Mən uzun müddət material toplamışam, araşdırmışam, hər xırda ştrix üzərində çalışmışam ki, Qarabağın taleyini olduğu kimi təsvir edə bilim. Mən bu tarixi həqiqəti bütün dünyaya çatdırmalıydım”, - deyə rəssam xatırlayır.

2019-cu ildə Xocalı soyqırımının ildönümündə Bakının Müasir İncəsənət Muzeyində 50 qrafikik əsərin təqdim olunduğu “Qarabağnamə” sərgisi baş tutub.

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfərdən sonra Arif Hüseynov işğaldan azad edilmiş şəhər və kəndlərə səfər edib. Səfərin məqsədi həm dağıntıları və viranəlikləri həm gözləri ilə görmək, həm də gördüklərini sənədləşdirmək olub.

“Mən Ağdamı görəndə - mat-məəttəl qalmışdım. Ağdam bir kabus-şəhərə dönmüşdü. Məscidlər dağıdılmışdı, məzarlıqlar təhqir olunub, teatr məhv edilib. Amma ruhu məhv etmək olmur. Mən üç əsər yaratdım: Birincisi – “Azad edilmiş Ağdamda ilk azan” adlı əsərim qayıdışı simvolizə edirdi, ikinci “Teatrın qətli” əsərim – mədəniyyətin məhv edilməsinin məcazı idi. “Şahbulaq qalası” isə mətanətin şəhadəti idi.

Rəssam bu əsərlərdən birini Ağdama hədiyyə edib və onun missiyasının davam etdiyini vurğulayıb.

Səfər zamanı rəssam erməni işğalının sarsıdıcı fəsadları ilə - qəbirstanlıqlarda törədilmiş kütləvi vandalizm izləri ilə üzləşib.

“Biz Birinci Qarabağ müharibəsi qəhrəmanlarından olan Allahverdi Bağırovun qəbrini tapmışdıq. Ermənilər onun və yüzlərlə başqa insanın qəbrini təhqir etmişdilər. Bunu yalnız barbarlar edə bilər”, - deyə Hüseynov bildirib.

Xalq rəssamının sözlərinə görə bu kadrlar və ərazidə yaşadığı emosialar onu faciəni təmsil edən başqa əsərlərə ilhamlandırıb.

Söhbət zamanı rəssam öz işini Pablo Pikassonun 1937-ci ildə yaratdığı məşhur "Gernika" əsəri ilə müqayisə edib. Pikasso bu əsərdə bombardman nəticəsində məhv edilmiş bir kəndin faciəsini əks etdirmişdi.

"Pikasso qanlı səhnələr çəkməmişdi – o, fəlsəfi bir əsər yaratmışdı. İncəsənət əslində sual qaldırmaqla məşğul olmalıdır, insanları qanla sarsıtmaqla yox. Rəssamın vəzifəsi faciənin rəmzini təqdim etməkdir", – deyə Hüseynov qeyd edib.

O, həmçinin Çingiz Mustafayevi – Xocalı soyqırımının səlnaməsini lentə alan jurnalisti xatırladıb.

“Jurnalist sənədləşdirməlidir, rəssam isə yaddaşlarda əbədi qalacaq obrazlar yaratmalıdır”, – deyə o vurğulayıb.

Söhbətin sonunda Arif Hüseynov incəsənətin tarixi yaddaşın qorunmasındakı rolunu xüsusi vurğulayıb. O, rəssamların, yazıçıların və mütəfəkkirlərin dünyaya həqiqəti çatdıracaq əbədi nümunələr yaratmalı olduqlarını düşünür.

"Biz tariximizi mədəniyyət, incəsənət və elm vasitəsilə dünyaya çatdırmalıyıq. Bu, bizim missiyamız, silahımız və mirasımızdır", – deyə Azərbaycanın Xalq rəssamı fikirlərini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti