Bakı. Trend:
Azərbaycan və Pakistan uzun illərdir ki, siyasi, iqtisadi və hərbi əməkdaşlığa söykənən möhkəm strateji tərəfdaşlıq münasibətləri saxlayır. Dövlətlərin bu əlaqələrini beynəlxalq arenada qarşılıqlı olaraq bir-birinə dəstək verməsi, ümumi regional maraqlar və tarixi bağlar daha möhkəmləndirir. Pakistanın baş naziri Şahbaz Şərifin bir müddət əvvəl Bakıya etdiyi səfər tərəfləri bir-birinə daha da yaxınlaşdıraraq, əsas sektorlarda, o cümlədən enerji, müdafiə və ticarət sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratmış olub.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Pakistan münasibətlərinin “təməl daşı” olaraq qalır və hər iki ölkə onun inkişafında mühüm uğurlara nail olmağa can atırlar. Pakistan uzun illərdir ki, Azərbaycan neft və qazını idxal edir, Bakının ixrac bazarlarını genişləndirmək səyləri isə İslamabadla münasibətlərin dərinləşdirilməsində bu sektoru prioritet istiqamətlərdən birinə çevirir.
Ş.Şərifin Bakı səfəri zamanı Pakistanın uzunmüddətli tərəfdaşlarından olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) pakistanlı həmkarları ilə ilə bir sıra sazişlər bağlayıb. Onların arasında neft məhsullarının tədarükü və sıxılmış təbii qazın (STQ) alqı-satqısı ilə bağlı müqavilələr yer alır. Danışıqların ən mühüm nəticələrindən biri STQ üzrə çərçivə sazişinin daha iki il müddətinə uzadılması və STQ sövdələşmələrə dəstək məqsədilə ticarət şirkətinin yaradılması olub. Bu addım Azərbaycanın Cənubi Asiyaya enerji daşıyıcılarının etibarlı tədarükçüsü kimi artan rolunu vurğulayır.
Enerjidən savayı, ikitərəfli münasibətlərdə hərbi əməkdaşlıq məsələsi də önəmli yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan baş naziri Şahbaz Şərif arasında danışıqların nəticələrinə əsasən, tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən bir müdafiə istehsalatının perspektivləri ilə bağlı razılığa gəliblər.
Pakistanın müdafiə sənayesinin yüksək inkişaf etməsini və Azərbaycanın bu sektordakı artan imkanlarını qeyd edən Prezident İlham Əliyev müdafiə texnikasının birgə istehsalı potensialına diqqət çəkib.
“Biz müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq”,-deyə dövlət başçısı bildirib.
Baş-nazir Şərif bu fikri dəstək olaraq, müdafiə sahəsində əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağın vacibliyini vurğulayıb.“Biz müdafiə sahəsində birgə istehsalat potensialı yaratmalıyıq və hər iki tərəf tam olaraq dəstəkdir”, - deyə o bildirib.
Azərbaycan-Pakistan əməkdaşlığının başqa bir vacib sahəsi nəqliyyat və regional əlaqələrdir. Azərbaycan Şimal-Cənub, həmçinin Şərq-Qərp kimi dəhlizlərdə öz tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib ki, bu da onu regional ticarətin önəmli mərkəzinə çevirir. Bu imkanlardan faydalanmağa çalışan Pakistanın öz nəqliyyat planlarını Azərbaycanın mövcud tranzit insfrastrukturu ilə inteqrasiya edəcəyi gözlənilir.
Prezident İlham Əliyev bu əməkdaşlığın vacibliyini vurğulayaraq, iki ölkə arasında birbaşa nəqliyyat əlaqələrinin qurulmasının yeni iqtisadi imkanlar yaradacağını diqqətə çatdırıb.
“Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin”,- deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycanın tranzit potensialından yararlanmaqla Pakistan Mərkəzi Asiya, Qafqaz və Avropa ilə öz ticari əlaqələrini möhkəmləndirə və öz iqtisadi iştirakını Cənubi Asiya hüdudlarından kənarda da genişləndirə bilər.
Azərbaycan və Pakistan qarşıya ambitsiyalı bir tapşırıq qoyub – ikitərəfli ticarət dövriyyəsi 2 milyard dollara qədər qaldırılmalıdır. Bu cari səviyyə ilə müqayisədə 20 milyon dolları üstələyən əhəmiyyətli sıçrayış olacaq. Çağırışlara baxmayaraq, bu yaxınlarda əldə olunan razılaşmalar tərəflərin bu hədəfə çatmaqda möhkəm qətiyyət ortaya qoyduğunu göstərir.
Azərbaycanla ticarətə dəstək olmaq məqsədilə Azərbaycan İslamabadda Azərbaycanın ticarət palatasını yaradıb. Öz növbəsində baş nazir Şərif ticarət-investisiya əməkdaşlığını genişləndirmək məqsədilə Bakıda Pakistanın anoloji ticarət palatasını açmağı təklif edib
“Mən hesab edirəm ki, biz Pakistanın Ticarət Palatasını burada, Bakıda yaratmalıyıq, həmçinin Azərbaycanın digər vacib şəhərlərində onun nümayəndəliklərini yaratmalıyıq ki, bu palatalar real vaxt rejimində məlumat toplaya, onları mübadilə edə və potensial treyderlər və investorlara ötürə bilsinlər. Bu son dərəcə faydalı olardı”, -deyə o vurğulayıb.
Bundan başqa, Azərbaycan Pakistan iqtisadiyyatına, ilk növbədə enerji və infrastruktur sektoruna 2 milyard dollar həcmində investisiyanın qoyulması haqqında planlarını elan edib. Şərif eyni zamanda ticarət və investisiya əlaqələrinin optimallaşdırılması məqsədilə daimi informasiya bürosunun yaradılması barədə məlumat verib.
Azərbaycan-Pakistan əlaqələrinin möhkəmləndirilməsi daha dərin strateji əməkdaşlığı keçidin təzahürüdür. Enerji, müdafiə, ticarət və logistika sahələrində ambitsiyalı planlar gerçəkləşdirən tərəflər vacib regional oyunçular kimi öz mövqelərini möhkəmləndirməkdədirlər.
Şərifin səfəri zamanı imzalanmış sazişlər təkcə iki tərəfli münasibətləri möhkəmləndirmir, eyni zamanda Azərbaycan və Pakistanın beynəlxalq arenalardakı rolunu artırır.
Möhkəm təmələ və ortaq gələcək baxışına malik olan tərəflər öz tərəfdaşlıqlarını regional əməkdaşlıq üçün uğurlu bir modelə çevirməyə can atırlar.