Bakı. Trend:
Sosial işçi və xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq maddəsinin qanuna əlavə edilməsini çox vacib hesab edirəm. Çünki sosial işçilər evlərə gedəndə onların əksəriyyəti təhqir olunur, hətta qovulanlar da var. Həssas kateqoriyada obyektiv, subyektiv səbəblər olur. Onların hüquq, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq çox vacib məsələdir. Qarşı tərəf bunun məsuliyyətini hiss etməlidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili həmçinin vurğulayıb ki, yerli icra orqanları və bələdiyyələrin sosial xidmətlərə cəlb olunmasına çox böyük ehtiyac var:
“Sosial Xidmətlər Agentliyinin əməkdaşı evlərə gedib - çox vaxt da o insanı, ailəni tanımır – məmur kimi gördüyü vəziyyətlə bağlı qərar qəbul edib gəlib hesabat verir. Halbuki o ailəni daha yaxşı yerli icra orqanı və bələdiyyə tanıyır. Sosial Xidmətlər Agentliyinin əməkdaşı, sosial işçilər hesabat hazırlamaq üçün evlərə gedən zaman onların yanında bələdiyyə və icra nümayəndələrinin iştirakı ümumi işin xeyrinə olar”.