...

İRAN XƏZƏR PROBLEMİ ÜZRƏ NÜMAYƏNDƏSİNİ HƏLƏ TƏYİN ETMƏYİB

Siyasət Materials 26 Sentyabr 2005 12:45 (UTC +04:00)

İran xəzər problemi üzrə nümayəndəsini hələ təyin etməyib. Bu barədə Trend ə İranın Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi Lütfəli Əzimzadə bildirib.

Xatırladaq ki, İranda prezident seçkilərindən və yeni hökumətin formalaşmasından sonra eks-prezidentin Xəzər üzrə keçmiş xüsusi nümayəndəsi Mehdi Səfəri vəzifəsindən azad olunub.

Yeni nümayəndə isə hələ təyin edilməyib.

L.Əzimzadənin sözlərinə görə, oktyabrın 6-da Bakıda keçiriləcək Xəzəryanı ölkələrin işçi qruplarının iclasında İranı XİN-nin rəsmi nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edəcək.

İclasda dənizin statusu üzrə 5 Xəzəryanı ölkələnin mövqeyinin yaxınlaşdırılması üzrə məsləhətləşmələrin davam etdirilməsi planlaşdırılır. Görüş Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın nazir müavinləri səviyyəsində keçiriləcək.

Ekspertlər ekoloji problemlər üzərində işləri davam etdirəcək, bioloji ehtiyatlardan istifadə və onların qorunması, hidrometrologiya, dəniz və hərbi gəmiçilik sahələrində sazişlərin layihələrini razılaşdıracaqlar.

Xatırladaq ki, bu danışıqlarda Azərbaycanı Xəzərin statusunun müəyyən edilməsi üzrə prezidentin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti